Təbriz Həsənov: Hakimin qərarlarından narazı qaldım
Azərbaycanın U-17 yığmasının baş məşqçisi Təbriz Həsənov AÇ-2016-nın final mərhələsi çərçivəsində Belçikaya qarşı oyundan (1:1) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Uşaqlara təşəkkürümü bildirmək istəyirəm. Bəlkə də həyatımdakı ən ağır günüm idi. Çünki Portuqaliyaya məğlubiyyətdən sonra onları bu oyuna kökləmək çox çətin idi. Mənim üçün bu heç-heçə qələbəyə bərabərdir. Startdakı məğlubiyyətdən sonra onların bəzisi hətta göz yaşlarını saxlaya bilmədi. Bütün bunları görmək ağrıdıcı idi. Amma bütün bunları geridə qoya, bu oyuna köklənə bildik. İstəməzdim ki, kimsə 17 yaşlı futbolçuların zəif oyununa görə pis nəsə yazsın. Tənqidə görə jurnalistlərə heç nə demirəm, onu qəbul edirəm. Amma bu aralar mətbuatı izləmirəm və uşaqlara da bunu tövsiyyə edirəm.
Şotlandiyaya qalib gəlsək, Portuqaliya da Belçikanı böyük hesabla məğlub etsə, qrupdan çıxa bilərik. Necə olacağını zaman göstərəcək. Futbolda hər şey olur. Bu gün qələbə qazanmaq şansımız da var idi, amma alınmadı. Buna baxmayaraq, mübarizəmizi sonadək davam etdirəcəyik.
İkinci hissə üçün öz taktiki gedişlərimiz, əvəzetmələrimiz olacaqdı. Amma qapıçımızın zədələnib sıradan çıxması planlarımızı korladı. Məmməd Hüseynovda kiçik beyin sirkələnməsi olub. Buna görə bir müddət futboldan kənar qalacaq.
Kapitan Elçin Əsədova gəlincə, fikrimcə, o, vəzifəsinin öhdəsindən gəlir. Ola bilsin ki, siz bu uşaqlara peşəkar futbolçu gözü ilə baxırsınız. Amma unutmayın ki, onların hər biri 17 yaşadək futbolçulardır. Səhvlər var və olacaq. Qarşımıza qrupdan çıxmaq hədəfi qoyulmuşdu. Biz də bunun üçün çalışırıq. Bəlkə də bizim AÇ-nin final mərhələsində müəyyən təcrübəmiz olsaydı, indi işimiz daha asan olardı. Təəssüf ki, yoxlama oyunları ilə rəsmi qarşılaşmalar arasında səviyyə fərqi var.
Hakimin bəzi qərarlarından narazı qaldım. Ola bilər ki, mənə elə gəldi. Amma fikrimcə, hakim səhvləri oldu. Bu gün həm də zədəlilərimiz çox oldu. Ola bilsin ki, iştirak ərizəmizə daha bir qapıçı əlavə edək".
