Robert Prosineçki: Ötən çempionatla müqayisədə geriləmə hiss olunur
Topaz Premyer Liqasının 33-cü turu çərçivəində keçirilən "Neftçi" - AZAL oyununun fasiləsində milli komandamızın baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xorvatiyalı mütəxəssisin cavablarını diqqətinizə çatdırır.
- Oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- "Neftçi" daha inamlı təsir bağışladı. AZAL-ın qapısından 3 cavabsız top keçirməsi də təsadüfi deyil. AZAL-ın cari mövsümdə xeyli qələbəsi olub. Amma bu gün onlarda alınmadı.
- Ölkə çempionatında xeyli oyun izləmisiniz. Cari mövsümü necə dəyərləndirərdiniz?
- Ötən çempionatla müqayisədə geriləmə hiss olunur. Ötən mövsüm bir neçə iddialı komandanın mübarizəsinə şahidlik edirdik. Məsələn, "İnter"in, "Neftçi"nin də belə şansı var idi. Təəssüf ki, indi belə deyil.
- Yığma komandada hücumçu qıtlığı olduğu bir zamanda, Amil Yunanovun dəvət olunmamasına son qoyacaqsınızmı?
- Şərəfini qoruduğu "Sumqayıt" çox pis oynayır. Yığma komandaya cəlb olunacaq kifayət qədər futbolçu var. Amma təəssüf ki, tələblərimizə cavab verən hücumçular yoxdu. Amilə gəlincə, yaxşı futbolçudur, qollar vurur. Amma düşünmürəm ki, yığma səviyyəsində oynaya bilən futbolçudu.
- Belə qənaətə gəlmək olar ki, yaxın gələcəkdə heç nəyə ümid etməyək?
- Düşünürəm ki, Azərbaycan əvvəlkindən daha yaxşı futbol oynayır. Çalışacağıq ki, bundan da yaxşı olsun. Qrupdakı rəqiblərimizə diqqət yetirin: hamısı final mərhələsinə vəsiqə qazanıb. Almaniya isə ümumiyyətlə, bütün mundialların favoritidi.
- Deməli, San-Marinodan başqa heç bir oyundan qalib ayrılacağımıza ümid etməyək?
- Niyə ki? Norveçlə, Çexiyayla oyunlarda da qələbə qazana bilərik.
- U-17 yığmamızın Portuqaliya ilə görüşdə 0:5 hesablı məğlubiyyəti barədə nə deyə bilərsiniz?
- Portuqaliyanın olduqca güclü heyəti var. Onlar nəinki Azərbaycanla oyunda, nəinki qrupda, ümumiyyətlə, Avropa çempionatının favoritidilər. Hesaba gəlincə, ilk 3 qolu hədiyyə etdiyimizi düşünürəm. Ümid edirəm növbəti görüşlərdə daha uğurlu nəticələr əldə edəcəyik.
- U-17 yığmamızdan hansı nəticəni gözləyirsiniz?
- Belçika ilə oyun çətin olacaq. Proqnoz verməkdə çətinlik çəkirəm. Ancaq psixoloji baxımdan 0:5 hesablı məğlubiyyətdən sonra toparlanmaq olduqca çətin olacaq.
