Vüqar Əsgərovdan növbəti het-trik
Futbol üzrə Latviya birinci liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Albert"lə qarşılaşıb. Matç futbolçularımızın komandasının böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. Matçdakı bütün qolların da müəllifi elə start heyətdə meydana çıxan Əsgərov olub. Belə ki, o, 25, 35 və 67-ci dəqiqələrdə rəqib qapısına yol tapmaqla, ötən oyunda olduğu kimi, növbəti dəfə het-trikə imza atıb. Vüqardan fərqli, əvvəlki turda dubl edən Orxan bu dəfə rəqib qapısına yol tapa bilməyib. Futbolçularımızın hər ikisi start heyətdə meydana çıxsa da, Həsənəliyev 68-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, geridə qalan turlarda 7 xal toplayan "Olayne" 15 klub arasında 7-ci pillədə qərarlaşıb.
