Maksim Medvedev: Biz Neftçiyə güzəşt yox, qızıl dubl etmək istəyirik
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Sumqayıt" üzərində 1:0 hesablı qələbə qazandıqları oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Çempionluğun taleyini həll etdikdən sonra belə oyunlara çıxmaq çətin deyil?
- Bir az çətin olur. Bəlkə də arxayınlığa görə müəyyən səhvlər oldu. Amma bu arxayınlıq qolu vurduqdan sonra oldu. Həm də rəqib xüsusi təhlükə yaratmırdı.
- "Sumqayıt"la oyunu mövsümün ən asan matçı saymaq olar?
- Əksinə, xeyli çətin oldu. Uşaqların bəzisi üç gün əvvəl kubok oyununda meydana çıxmışdı. Üstəlik, "Sumqayıt"a qarşı süni örtüklü meydançada oynayırdıq. Yorğunluq da var.
- Qurban Qurbanov istirahət vermir?
- İstirahət verir. Heç kim kubokun final matçı öncəsi zədə almaq istəmir.
- Demək olar ki, artıq bütün diqqətiniz kubokun finalına yönəlib?
- Bəli, elədir. Həlledici matça yaxşı formada çıxmaq istəyirik.
- "Neftçi"ni münasib rəqib saymaq olar?
- Bizim üçün finalda kiminlə qarşılaşmağın fərqi yox idi. Öz futbolumuzu oynamağa çalışacağıq. Kuboku qazanmaq istəyirik. Bu turnirdə böyük yol qət etmişik. İndi onu mükafatsız başa vurmaq istəmirik. Maraqlı oyun olacaq.
- Avrokuboklarda oynamaq istəyən bakılılara güzəştə getməyəcəksiz?
- Kənardan kimsə ortaya belə söhbətlər ata bilər. Amma bunlar hamısı şayiədir. Biz "qızıl dubl" etmək istəyirik.
