Kamal Quliyev: Premyer Liqada oynamaq istəyirik
"Neftçala"nın baş məşqçisi Kamal Quliyev Birinci Divizionda sona bir tur qalmış növbəti çempionluqlarını rəsmiləşdirmələri barədə fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Birinci yeri tutmaqla məqsədimizə nail olduq. Premyer Liqada oynamaq istəyirik. Elitada oynamağa layiq futbolçularımız da var. Amma bizi yenə Premyer Liqaya buraxmasalar, çox təəssüflənəcəyəm. Belə olan halda "Neftçala" fəaliyyətini dayandıra bilər. AFFA-dan zəng gözləyirik. Premyer Liqada oynayacağımıza dair verəcəkləri xəbər mənim üçün milyona dəyər. "Rəvan"la "Xəzər Lənkəran"ın elitanı tərk etməsi barədə danışmaq istəmirəm. Amma Lənkəran klubu Premyer Liqada çıxış etməyə layiqdir. Ən azından bu klubun infrastrukturu, böyük azarkeş ordusu var. Bu bölgəni böyük futboldan kənar qoysaq, o zaman Azərbaycan futbolunun "bir ayağını sındırmış" olarıq".
