Anyete: Hər şeyin Neftçi üçün yaxşı başa çatacağına əminəm
"Neftçi"nin hücumçusu Anyete Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində AZAL üzərində qazandıqları 3:1 hesablı qələbədən sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Oyun barədə nə deyə bilərsiniz?
- Matç çox maraqlı alındı. Bizim üçün vacib oyun idi. Meydana yalnız qələbə üçün çıxmışdıq. Çox şadam ki, arzuladığımız nəticəyə nail olduq.
- Yəqin ki, kubokun finalına çıxmağınız AZAL-la oyunda sizin üçün əlavə stimul oldu...
- Bəli, elədir. Özümüzə daha çox inanmağa başlamışıq.
- Nəhayət ki, mövsümdə ikinci qolunuzu vurdunuz...
- Əvvəllər mənə çətin idi. Amma tədricən öz formama qovuşuram. Ötən oyunlarda çoxlu problemlərlə üzləşirdim. Artıq növbəti oyunlarda da komandama kömək edə biləcəyimə inanıram.
- Bu qələbə sizin AZAL-la xal fərqini 2-yə endirməyinizə kömək etdi...
- Hər şeyin bizim üçün yaxşı başa çatacağına əminəm. Sonadək mübarizə aparacağıq.
- Qarşıda sizi avrokuboklara vəsiqə uğrunda mübarizə aparan daha bir kollektivlə - "Kəpəz"lə oyun gözləyir...
- Çox çətin oyun olacaq. Amma biz layiqli futbol sərgiləmək və qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- "Qəbələ" ilə kubokun cavab yarımfinal matçında Panenka stilində vurduğunuz uğursuz penalti zərbəsini yada salmasaq, olmaz...
- Fikrimcə, futbolda belə hallar olur. Yıxıldıqdan sonra ayağa qalxmağı bacarmaq lazımdır. Topa yaxınlaşanda qapıçının küncə tullanacağını düşündüm. Amma alınmadı, o, yerində dayandı.
