Qurban Qurbanov: Daha çox qol vurmaq istəsək də, rəqib imkan vermədi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Ola bilsin ki, oyun istədiyimiz kimi alınmadı. "Sumqayıt" yaxşı futbol sərgilədi. Oyuna ciddi hazırlaşdıqları hiss olunurdu. Daha çox qol vurmaq istəsək də, rəqib buna imkan vermədi. Çempionluğu rəsmiləşdirdikdən sonra futbolçularımda arxayınlıq görmədim. Qələbə seriyamızı davam etdirmək və bu tempi saxlamaq istəyirik.
“Qarabağ” növbəti mövsümdən sırf iki hücumçu ilə futbol oynaya bilərmi? Bu gün “Atletiko” da iki hücumçu ilə oynayır. Amma oyununu müdafiədən qurur. Düşünürəm ki, buna ehtiyac yoxdur. Amma ola bilər ki, hər hansı oyunda 2 hücumçu ilə meydana çıxaq. Bəzən rəqibin müdafiə xəttində 4 futbolçu olur.
Kubokun finalının hansı stadionda keçirilməsinə gəlincə, bu, fərqli turnirdir. “Neftçi” yaxşı rəqibdir. Onların finalda olması bizim üçün siqnaldır. Bizim üçün vacib olanı meydançanın yaxşı vəziyyətdə olmasıdır. PFL hansı qərarı qəbul etsə, hörmətlə yanaşacağıq".
