Böyükağa Hacıyev: Finalda Neftçini Qəbələ yox, Qarabağ gözləyir
"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin azerisport.az saytına müsahibəsi
- "Neftçi" bu mövsüm zəif çıxış etsə də, kubokun finalına yüksəlməyi bacardı. Bunu necə qarşıladınız?
- Onları alqışlayıram. Topaz Premyer Liqasında doğrudan da çox zəif çıxış edirlər. Amma kubokda işləri yaxşı gedir. Bu heyət üçün finala çıxmaq uğurdur.
- Belə çıxır ki, paytaxt klubuna yönələn tənqidləri azaltmaq lazımdır?
- Xeyr. Onlar sadəcə, finala çıxıblar. "Neftçi" hələ titul qazanmayıb, avrokuboklara vəsiqəni təmin etməyib. Kubokun həlledici oyununda da onları "Qəbələ" yox, "Qarabağ" gözləyir. Finala ciddi hazırlaşmaq lazımdır. Çünki "Qarabağ" növbəti "qızıl dubl"dan imtina etmək istəmir.
- Premyer Liqanın yeddinci komandasının çempionla görüşdəki şanslarını necə qiymətləndirirsiniz?
- "Qarabağ" güclüdür və cütün favoritidir. Amma bu, final qarşılaşmasıdır, hər şey baş verə bilər.
- Bəs "Neftçi" finalda uduzsa, mövsümü komanda üçün boşa verilmiş saymaq olar?
- Avrokuboklara da vəsiqə qazana bilməsələr, saymaq olar.
- Bütün mövsüm boyu mütəxəssislər çempionatın səviyyəsinin çox aşağı düşdüyünü, klublar isə əksini iddia edir. Kimə inanaq?
- Premyer Liqanın bu mövsüm güclü olduğu barədə deyilənlər hamısı boş söhbətdir. Çempionatın səviyyəsi çox aşağıdır. Mənim işlədiyim dövrdə hansı komanda sona dörd tur qalmış çempion olmağa imkan verərdi? Bu, danılmaz faktdır.
- Bəs səviyyənin aşağı düşməsi klublarımızın avrokuboklardakı çıxışına nə dərəcədə təsir göstərə bilər?
- Təsiri olacaq, özü də mənfi. Artıq ikinci təsnifat mərhələsindən etibarən bizi heç də xoş olmayan nəticələr gözləyir.
- Azərbaycanın U-17 yığmasının Bakıda təşkil olunan Avropa çempionatının ilk matçında Portuqaliyaya 5 cavabsız qolla uduzmasına münasibətiniz necədir?
- Onların öz baş məşqçisi var. Yaxşı olardı ki, bunu ondan soruşasınız. Mən bircə şeyi bilirəm: hazırda Azərbaycan komandaları belə böyük hesablarla uduzmamalıdır. Ümid edirəm ki, bu yaş qrupundakı futbolçularımız qarşıdakı illərdə daha da güclü olacaqlar. Amma bu ümidlərim özünü doğrultmasa, futbolumuza həsəd aparmamaq olar.
