Topaz Premyer Liqasında 33-cü tur həyacanı
Bu gün Topaz Premyer Liqasında 33-cü turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutacaq.
Öncə liderlər qrupunda qərarlaşan iki kollektiv - “Zirə” və “Qəbələ” üz-üzə gələcək. Bu komandalar indiyə qədər 3 oyunda üz-üzə gəliblər ki, həmin görüşlərdə "Qəbələ"nin qələbəsi yoxdur. "Zirə" isə iki oyunda qələbə qazanıb. Bunlardan biri doğma meydanda (1:0), digəri səfərdə (2:1) gerçəkləşib. İlk dövrədə Qəbələdə keçirilən oyunda isə qolsuz heç-heçə qeydə alınmışdı. Göründüyü kimi, top fərqində də zirəlilər öndədirlər - 3:1. “Qəbələ” isə “Zirə”ylə səfər matçında qol da vura bilməyib. Amma bu komandalar arasındakı kubok duelində "Qəbələ" hər iki oyunda qələbə qazanmışdı: səfərdə 2:1, evdə 5:1. "Qəbələ" nəhayət bu dəfəki çempionat matçında da ilk qələbəsini rəsmiləşdirməyə çalışacaq. Lakin "Zirə" də ikinci pillədəki mövqeyini qorumaq üçün ən azı heç-heçə üçün mübarizə aparacaq.
Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan "Kəpəz" səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq. Tərəflər arasındakı əvvəlki 15 oyundan 10-da cənublular, 4-də gəncəlilər qalib gəlib. Digər bir oyun isə heç-heçə bitib. Top fərqi də lənkəranlıların xeyrinədir - 21:12. Amma “Kəpəz” son 3 oyunda quru hesabla qələbə qazanıb. Cari mövsümə təsadüf edən həmin görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: 1:0, 1:0, 2:0. Lənkərandakı son 5 qarşılaşmada qol vuran komanda qalib gəlir. "Kəpəz" bu oyunda da favorit hesab olunur. Amma sonuncu pilləyə düşməmək üçün mübarizə aparan "Xəzər Lənkəran" da Gəncə təmsilçisi ilə oyuna böyük ümidlərlə yanaşır.
Mükafatçılar sırasına düşmək istəyən digər bir komanda - "İnter" "Rəvan"ın qonağı olacaq. Paytaxt klubları 12-ci derbidə üz-üzə gələcəklər. “İnter” əvvəlki 11 matçın hamısında qalib gəlib. Bütün oyunlarda qol vuran “İnter” son 9 matçda ən azı 2 dəfə fərqlənib. “Rəvan” son 4 görüşdə cəmi 1 qol vura bilib. Top fərqi də "bankirlər"in lehinədir - 27:6. Cari mövsüm baş tutan görüşlərə gəlincə, ilk iki dövrədə eyni hesabla (2:0) qalib gələn "İnter" son matçda da 3:1 hesabıyla üstün olub. Elə bu görüşdə də qonaqları favorit saymaq olar. Baxmayaraq ki, Zaur Svanadzenin komandasında heyətlə bağlı bir sıra itkilər var. Bundan əlavə, "Rəvan" aşkar autsayder imicindən qurtulmaq üçün mübarizə aparır və yəqin ki, ev oyununda bir xal qazanmağa çalışacaq.
Artıq çempionluğu təmin etmiş “Qarabağ” bu tur “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Tərəflərin əvvəlki 15 oyunundan 9-da ağdamlılar, 4-də sumqayıtlılar qalib gəliblər. Daha 2 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də "Qarabağ"ın ciddi üstünlüyü var - 30:9. Ağdam klubu son 6 ev oyununda uduzmayıb. Ağdamlılar öz meydanındakı oyunların hamısında qol vurub. Cari mövsüm baş tutan görüşlərə gəlincə, "Sumqayıt" doğma meydanda 1:0 hesabıyla qalib gəlib. İkinci dövrədə də ağdamlılar 3 xala sevinə bilməyiblər - 2:2. Qurban Qurbanovun komandası bu rəqibinə yalnız üçüncü dövrədə səfərdə 2 cavabsız qolla qalib gəlib. Bu dəfə necə olacağı isə maraqla gözlənilir.
Nəhayət, turun qapanış matçında "Neftçi" doğma meydanda AZAL-la qarşılaşacaq. Paytaxt klubları 30-cu derbiyə çıxacaq. “Neftçi” son 4 matçda qalib gəlməyib. AZAL isə bu matçlarda qol sevinci yaşayıb. Əvvəlki 29 oyundan 13-də "ağ-qaralar", 7-də isə "təyyarəçilər" üstün olublar. Daha 9 görüşdə heç-heçə qeydə alınıb. Top fərqi də "Neftçi"nin xeyrinədir - 45:25. Cari mövsüm baş tutan görüşlərdə isə AZAL "Neftçi" üçün əsl kabusa çevrilib. Belə ki, ilk iki dövrədə Tərlan Əhmədovun komandası bu rəqibini həm evdə (2:1), həm də səfərdə (1:0) məğlub edib. Yalnız üçüncü dövrədəki görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. "Qəbələ"yə qarşı keçirdiyi ardıcıl kubok və çempionat oyunlarında inamlı təsir bağışlayan "Neftçi" nəhayət, bu dəfə mövsümdə AZAL üzərində ilk qələbəsini rəsmiləşdirə bilər. Bu, həm də "ağ-qaralar"ın çempionat vasitəsilə Avroliqaya vəsiqə qazanmaq şansını saxlaya bilər. Amma AZAL da eyni hədəflər üçün mübarizə apardığından, ən azı uduzmamaq üçün mübarizə aparacaq.
Topaz Premyer Liqası
33-cü tur
7 may (şənbə)
15:00. “Zirə” - “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Murad Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.
16:00. “Xəzər Lənkəran” - “Kəpəz”
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Coşqun Həsənov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
17:00. “Rəvan” - “İnter”
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Elgün Adıgözəlli, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “Bayıl Arena”.
19:00. “Qarabağ” - “Sumqayıt”
Hakimlər: Rövşən Rəcəbov, Vaqif Musayev, Mehman Mahmudov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
Bakı. “İnter Arena”.
19:05. “Neftçi” - AZAL
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məlik Həsənov.
Masazır. “Əlincə Arena”.
| 1 | Qarabağ | 32 | 23 | 6 | 3 | 59-19 | 75 |
| 2 | Zirə | 32 | 17 | 9 | 6 | 39-24 | 60 |
| 3 | Kəpəz | 32 | 14 | 10 | 8 | 42-35 | 52 |
| 4 | Qəbələ | 32 | 13 | 11 | 8 | 38-26 | 50 |
| 5 | İnter | 32 | 13 | 11 | 8 | 30-23 | 50 |
| 6 | AZAL | 32 | 13 | 6 | 13 | 24-29 | 45 |
| 7 | Neftçi | 32 | 10 | 10 | 12 | 31-35 | 40 |
| 8 | Sumqayıt | 32 | 6 | 12 | 14 | 34-45 | 30 |
| 9 | Xəzər Lənkəran | 32 | 3 | 5 | 24 | 12-42 | 14 |
| 10 | Rəvan | 32 | 4 | 8 | 20 | 22-53 | 14 |
Bombardirlər:
14 - Nelson Bonilya ("Zirə").
12 - Dani Kintana ("Qarabağ").
11 - Ruslan Qurbanov ("Neftçi").
