Roman Qriqorçuk: Hakimlər bu mövsüm bizi 15 xaldan məhrum ediblər
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, bölgə klubunun ukraynalı çalışdırıcısı 1:1 hesabıyla bitən oyunu belə şərh edib:
"Düzünü deyim ki, mən bu gün meydandakı rüsvayçılıqdan sonra çox həyəcanlıyam. Artıq aşkar şəkildə deyəcəyəm və qoy məni cərimələsinlər. Bütün mövsüm ərzində hakimlər "Qəbələ"ni 15 xaldan məhrum ediblər. Bu gün də həmin rüsvayçılıq davam etdi. Mən kim lazımdısa, onu bu vəziyyəti düzəltməyə səsləyirəm. Belə şeylərə görə futbol öz əhəmiyyətini, mənasını itirir. Amma biz hətta belə hakimliklə də uduzmadıq və müsbət nəticə qazana bildik. Ənənəvi olaraq, bu gün də çoxlu qol vəziyyəti yaratdıq, amma yalnız birindən yararlana bildik. Hesab edirəm ki, "Neftçi" də, "Qəbələ" də bu gün turnir cədvəlində daha üst pillələrdə qərarlaşa bilərdi. Qarşıda bizi bu komanda ilə həm çempionat, həm də kubok çərçivəsində növbəti oyunlar gözləyir. Ümid edirəm ki, bu oyunu təkrarlaya və azarkeşlərimizi sevindirə biləcəyik".
"Qəbələ"nin çalışdırıcısı azərbaycanlı jurnalistlərin Aleksey Antonovla bağlı ona tez-tez suallar verməsinə təəccübləndiyini də dilə gətirib: "Mən başa düşə bilmirəm ki, niyə daim Antonovdan danışılır. Mən komandam barəsində danışmaq istəyirəm. Amma hər oyundan sonra onun necə oynadığını soruşurlar. Şəxsən Antonova görə çox üzgünəm. Çünki o, Azərbaycandakı qədər təzyiqlə heç bir yerdə üzləşməyib. Axı o, yaxşı futbolçudur. Hər bir futbolçum kimi, onu sevirəm, dəstəkləyirəm".
Qriqorçuk yenidən hakimlik mövzusuna qayıdaraq, bunları vurğulayıb: "Təyin olunmayan penaltidən, ədalətsiz yerə verilən sarı vərəqədən sonra mən Aleksey Qayın hansı hissləri keçirdiyini təsəvvür edə bilmirəm. UEFA Kubokunu qazanan adam burada belə hakimliklə üzləşir. Şəxsən mən buna görə onun qarşısında utanıram. Bu cür hakimliyi dəyişmək isə bizim gücümüz daxilində deyil". (CBC)
