Mirhüseyn Seyidov: Revanş almağa çalışacağıq
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bəli, biz "Qarabağ"a qarşı son çempionat matçında zəif oynadıq. Buna görə də revanş almağa çalışacağıq. Matça ciddi hazırlaşırıq. Cütün taleyinə iki oyunda aydınlıq gələcəyi üçün açıq oyuna üstünlük vermək olmaz. Diqqətli oynamaq lazımdır. Qol vurmağımız da önəmlidir. Çünki doğma meydanda oynayacağıq. Ən azından heç olmasa öz qapımızı toxunulmaz saxlamalıyıq ki, cavab matçında işimiz asan olsun".
Seyidov digər yarımfinal cütündən - "Neftçi" - "Qəbələ" matçından da danışıb: "Hər iki komandaya uğurlar arzulayıram. Maraqlı oyun olacaq. Biz də finala çıxmaq istəyirik. Rəqibimizin kim olmasının isə heç bir fərqi yoxdur. Amma bu barədə indidən danışmaq tezdir. Arxı hoppanmamış, "hop" demək olmaz. Biz öncə "Qarabağ" səddini keçməliyik".
