Vurğun Hüseynov: Kəpəzlə matçın danışılmış olmasından söhbət də gedə bilməz
"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Kəpəz"ə məğlubiyyəti (2:3) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bu matçın danışılmış olması barədə iddialara da cavab verib:
"Kəpəz"ə qalib gəlmək istəsək də, öz səhvlərimiz nəticəsində məğlub olduq. Bu uğursuz gedişata son qoymaq istəyirik. Ümid edirəm ki, növbəti oyunlarda bu səhvləri təkrar etmərik və bu vəziyyətdən çıxarıq. Qalan oyunlarda azarkeşlərimizi, bizi dəstəkləyən hər kəsi sevindirmək üçün mübarizə aparacağıq. Heç bir futbolçu uduzmağı istəməz.
"Kəpəz"lə matçın danışılmış olması barədə sosial şəbəkələrdə yayılan iddialara gəlincə, bunu sizdən eşidirəm. Mən sizi əmin edirəm ki, bundan söhbət belə gedə bilməz. Allah buna şahiddir. Düzdür, bizim indi itiriləsi heç nəyimiz yoxdur. Amma biz azarkeşlərimizi sevindirməyə çalışırıq.
Gələcək karyeramla bağlı bircə onu deyə bilərəm ki, heç bir rəsmi təklif almamışam. "Turan Tovuz"a keçəcəyim barədə xəbərlər də yalandır. Nə bu, nə də digər klubdan təklif almışam. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək".
