Tural Hümbətov: Ola bilər ki, Zeniti tərk etməkdə tələsdim
AZAL-ın müdafiəçisi Tural Hümbətov Rusiyanın "Zenit" klubunun ikinci komandasının baş məşqçisi Vladislav Radimovla görüşündən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zenit"in məşqçiləri ilə əlaqələrim qalır. Karyerama orada başlamışam. Bu yaxınlarda Sankt-Peterburqa səfər edərkən "Zenit-2"-nin məşqçiləri, oyunçuları ilə görüşdüm. Düzdür, bu görüş təsadüfi alındı. Amma hər halda "Zenit-2"-nin baş məşqçisi Vladislav Radimovla görüşdüm. O, mənə bildirdi ki, Azərbaycan çempionatını izləyir. O, məndən Azərbaycanın gənclərdən ibarət yığmasında niyə oynamadığımı soruşdu. Amma mən onun bu sualına cavab verə bilmədim (gülür). "Zenit"in digər yetirməsi - "Neftçi"də çıxış edən Elvin Bədəlov barədə də soruşdu. Dedim ki, oynayır.
Hərdən məndən soruşurlar ki, niyə "Zenit"də qalmadın, Ramil Şeydayev kimi əsas heyət üzvü olmadın? Sadəcə, mənə oynamaq üçün çox şans verilmirdi. Oyun təcrübəm az idi. Əsas heyətlə cəmi 3-4 məşq etmişdim, daha çox əvəzedici komandada olurdum. Amma ola bilər ki, "Zenit"i tərk etməkdə tələsdim".
