"Azərbaycan millisinə Kakau və Joze Alesio yox, başqa məşqçi lazımdır"
Futzal üzrə Azərbaycan yığmasının sabiq qapıçısı Laersio Buranello ispaniyalı mütəxəssis Tino Peresin Azərbaycan yığmasını tərk etməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Peresin komandanı tərk etməyə qərar verməsindən xəbərim var. Onun gedişinin Azərbaycan yığmasına nə dərəcədə təsir edəcəyini bilmirəm. Amma ispaniyalı mütəxəssisin yaxşı komanda yaratdığını dəqiq deyə bilərəm. Mənim fikrimcə, Kakau ilə Joze Alesionun heç biri Azərbaycana gəlməyəcək. Onların Qazaxıstanda müqaviləsi var və çətin ki, qazaxlar onları buraxsın. Azərbaycana başqa məşqçi lazımdır. Yeri gəlmişkən, dünya çempionatı zamanı yenidən Azərbaycan millisinə qayıtmağın əleyhinə olmazdım. Amma bunun üçün öncə mənim ailəmə Azərbaycanda şərait yaratmaq lazımdır. Çünki mən Bakıda təkbaşına yaşamağa hazırlaşmıram. Şərait yaratsalar, qayıdaram".
