Zaur Axundov: Kakau bu cəhdləri ilə qiymətini qaldırmağa çalışır
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov braziliyalı mütəxəssis Kakau ilə maraqlanmaları barədə xəbərləri təkzib edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən artıq 4-5 mütəxəssisin maraq dairəmizdə olduğunu açıqlamışam. Amma onlarla mövsüm bitəndən sonra danışıqlar aparacağıq. Onların arasında özü bizə müraciət edən, Azərbaycan yığmasında çalışmaq arzusunda olduğunu deyənlər də var. Kakaunun sözlərinə gəlincə, bu tamamilə cəfəngiyyatdır. Onunla əlaqə saxlayan olsaydı, bu, mən olardım. Mən də onunla danışmamışam. Mən heç onun telefon nömrəsini bilmirəm. Yəqin ki, onun Qazaxıstan yığması ilə müqaviləsinin müddəti başa çatıb və bu cəhdləri ilə qiymətini artırmağa çalışır. Bu, məşqçilərin köhnə cəhdidir. Daha yaxşı şərtlər irəli sürülməsini istəyir".
