Tato: Yayda başqa kluba keçmək barədə düşünmək olar
"Zirə"nin yarımmüdafiəçisi Tato Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Deyəsən, komandanız bu oyuna heç-heçə üçün çıxmışdı...
- Xeyr, meydana qələbə üçün çıxmışdıq. Özünüz də gördünüz ki, birinci hissədə "Neftçi"dən daha yaxşı oynadıq. İkinci yarıda isə rəqib daha çox hücum etdi. Amma bizim də qol şanslarımız olurdu. Qələbə üçün mübarizə aparırdıq.
- Fasilədə nə dəyişdi ki, "Neftçi" daha çox hücum etməyə başladı?
- Birinci hissədə təşəbbüsə sənin, ikincidə isə rəqibin yiyələnməsi normaldır. Onlar bizdən alt pillələrdə qərarlaşsalar da, "Neftçi" heç də pis komanda deyil.
- Əvvəllər atanız oyunlarınızı canlı izləyirdi. Amma indi o, gedib. Motivasiya baxımından problem olmur?
- Mən hər oyuna böyük motivasiya ilə çıxıram. Əlbəttə, atamın oyunlarımı izləməsi yaxşı idi. Amma onun getməsi ilə nəsə dəyişməyib.
- "Zirə"nin mövsümü medalla başa vuracağını artıq dəqiq demək olar?
- Demək olar. Amma biz hələ bu barədə düşünmürük. Qarşıdakı "Qarabağ"la matçı fikirləşirik.
- Nə vaxtsa çempionatda medal qazanmısınız?
- Gənc yaşlarımda qazanmışam, amma peşəkar karyeramda yox. 23 yaşım var, hələ gəncəm. Fikrimcə, böyük qələbələrim qarşıdadır. Azərbaycanda gümüş medal qazanmağım yaxşı olardı.
- Bəs "Qarabağ"la oyundan nə gözləyirsiniz? Rəqib qələbə qazansa, çempion olacaq...
- "Qarabağ"ın istənilən halda birinci pillədə qalacağını demək olar. Biz öz meydanımızda uduzmamışıq. Fikrimcə, "Qarabağ"la oyunda da qələbəyə oynamağa dəyər.
- Klub prezidenti Vüqar Astanov yayda bəzi futbolçuların avrokuboklarda iştirak edəcək təmsilçilərimizə icarəyə verilməsinin mümkünlüyünü vurğulayıb. Siz buna razı olarsınız?
- Mən bu barədə düşünmürəm. Yayda digər komandaya keçmək barədə düşünmək olar.
- Vaxtilə Madrid "Real"ına qarşı oynadığınız halda indi Azərbaycanda çıxış edirsiniz. Düşünmürsünüz ki, karyeranızda geriyə addımlayırsınız?
- Mən Primeroda 18 yaşımda debüt etmişəm. Amma bu, o demək deyil ki, karyeramı İspaniyada başa vuracağam. İndi Azərbaycandayam və buna görə şadam. "Zirə"dən hansı kluba keçəcəyim yayda bilinəcək. O da ola bilər ki, elə "Zirə"də qalım.
