Ramazan Abbasov: Özümüz günahkarıq
"Rəvan"ın kapitanı Ramazan Abbasov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamızdakı vəziyyətin acınacaqlı olduğunu deməzdim. Məşq edirik, çempionatın növbəti oyunlarına hazırlaşırıq. Yanvar ayından etibarən maaşlarımızı da alırıq. Bu baxımdan daha çox narahatlıq yaradan oktyabr, noyabr və dekabr aylarından qalan borclardır. AZAL-la oyunlara gəlincə, meydana qələbə üçün çıxacağıq. Nəzərə alsaq ki, evdə oynayacağıq, qələbə qazana bilərik. Turnir cədvəlinin son pilləsində qərarlaşmağımıza gəlincə, bunda daha çox özümüz günahkarıq. İndi özümüz də oradan çıxmalıyıq. Altı xalımızın silinməsi də bizə çox təsir etdi. Heç özümüz də bilmirik ki, xalımızı niyə sildilər. Halbuki, həmin altı xalı öz zəhmətimizlə qazanmışdıq. İndi həmin altı xalımız da hesabımızda olsaydı, son pillədə qərarlaşmazdıq".
Abbasov həmçinin bəyan edib ki, ona hazırda başqa heç bir klubdan təklif yoxdur: "Təklif yoxdur. Hazırda bütün diqqətim komandamızın oyunlarına yönəlib. Qalan matçlarda mümkün qədər çox xal toplamaq istəyirik".
