Oqtay Abdullayev: Turan Tovuz Premyer Liqada oynamağa hazırdır
Birinci divizionda mübarizə aparan "Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev növbəti mövsümdə Topaz Premyer Liqasında oynamaq arzularını dilə gətirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klubumuz Premyer Liqanın bütün tələblərinə cavab verir. Uşaq komandalarımız, hər cür infrastrukturumuz var. Klubumuzun Premyer Liqada iştirak təcrübəsi də var. Şəhər icra hakimiyyəti və AFFA bizə klubu saxlamağa kömək edir. Düzdür, turnir cədvəlindəki mövqeyimiz bizə elitaya birbaşa vəsiqə qazanmağa imkan vermir. Amma bizdən üst pillələrdə qərarlaşan komandalar bu və ya digər səbəblərdən Premyer Liqada iştirak edə bilməsələr, biz onları əvəzləməyə hazırıq. "Turan Tovuz" Premyer Liqada oynamağa hazırdır. Unutmayın ki, Tovuz klubu Azərbaycanın avrokuboklardakı ilk təmsilçisi olub. Tovuzda futbolu sevirlər. Premyer Liqada iştirak etmək bizim maraqlarımıza uyğundur".
