Elbrus Məmmədov: Qəbələ ilə oyunda bizi heç-heçə də qane edəcək
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətimizdə iki itki var. İbrahim Qədirzadə və Yusif Hüseynov U-17-nin AÇ-2016-ya hazırlıq prosesinə yollanıb. Amma bu iki futbolçunun yoxluğunu itki adlandırmaq da düz olmaz. Əksinə, biz bununla fəxr edirik ki, futbolçularımız Avropa çempionatında çıxış edəcəklər. Baxmayaraq ki, bu oyunçular qarşıdakı görüşdə bizə lazım idilər. Lakin nə etmək olar? Düşünmürəm ki, "Qəbələ" həftəiçi kubokun yarımfinal oyununa görə bizə qarşı optimal heyətlə oynamasın. Əksinə, onların Lənkərandakı görüşdə əsas heyətlə oynayacağını düşünürəm. Biz də müsbət nəticə üçün mübarizə aparacağıq. Bizi heç-heçə də qane edəcək. Lakin qələbə də planlarımıza daxildir".
