Ağasəlim Mircavadov: Kəpəz və Qəbələ avrokuboklarda rəqabət yarada bilər
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov "İnter"lə "Zirə"nin avrokuboklarda iştirakının sual altında olmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qanun hər kəs üçün qanundur. Amma Premyer Liqamızda bu mövsüm idman prinsipləri pozulur. Niyə? Çünki üst pillələrdə yer alan komandalar avrokuboklara gedə bilməyəcəksə, buna başqa nə ad vermək olar? Amma "İnter"lə "Zirə"dən aşağıda yer tutan komandaların avrokuboklara yollanmasından Azərbaycan futbolunun əziyyət çəkəcəyini düşünmürəm. Məsələn, "Kəpəz"lə "Qəbələ" avrokuboklarda rəqabət apara bilər. Mən bir şeyi başa düşə bilmirəm: məgər mövsümün əvvəlində "Zirə"nin avrokuboklara buraxılmamasının mümkünlüyünü bilmirdilər? Komanda bütün mövsümü əziyyət çəkir, avrokuboklara vəsiqə qazana bilmir. Mənim həmin futbolçulara yazığım gəlir. Görünür, debütantın belə uğurlu çıxış edəcəyini heç kim gözləmirdi".
