Vəli Qasımov: Ən azı altıncı pilləyə yüksəlməyimiz lazımdır
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Komandada atmosfer necədir?
- Normaldı. Oyuna hazırlaşırıq. Təəssüf ki, heyətimizdə itkilər var. Araz Abdullayevlə Xuan Alberto Melli komandaya kömək edə bilməyəcək. Amma onları əvəz edəcək futbolçularımız var.
- "Qarabağ"a məğlubiyyətdən (1:2) sonra komanda özünü psixoloji cəhətdən necə hiss edir?
- Hər şeyin super olduğunu deməzdim. Amma uşaqlarda əhval-ruhiyyə yaxşıdır. "Zirə" ilə oyuna ciddi hazırlaşırıq. Bu görüşdə qələbə qazanmaq istəyirik.
- Amma bu, cari mövsümdə "Neftçi"yə qismət olmayıb...
- Mən ümumiyyətlə bu mövsüm sonuncu dəfə evdə nə vaxt qələbə qazandığımızı unutmuşam. Debütant isə iki dəfə bizə qalib gəlib, bir oyunda heç-heçə qeydə alınıb. Uduzduğumuz hər iki oyunda 10 nəfərlə qalmışıq. Ümid edirəm ki, bu dəfəki oyundan müsbət emosiyalarla ayrılacağıq.
- Bəs bunun üçün yetərli gücünüz varmı?
- "Zirə" doğrudan da yaxşı komandadır. Kimisə ayrıca qeyd etmək istəməzdim. Meydana kimin çıxmasından asılı olmayaraq, komanda planında daim sabit çıxış edirlər. Bizə asan olmayacaq. Amma onların da zəif cəhətləri var. Biz də öz güclü cəhətlərimizdən yararlanıb, onlara müqavimət göstərməyə çalışacağıq.
- "Qəbələ" ilə yanaşı, "Neftçi"nin də ən qeyri-sabit oyun sərgiləyən komanda olduğunu nəzərə alsaq, komandanızdan bu görüşdə nə gözləyə bilərik?
- Son oyunlarımızda zəif təsir bağışladığımızı deməzdim. Oyun baxımından təkcə "Qarabağ"a uduzmuşuq. Ağdam klubu isə Premyer Liqanın ən güclüsüdür. Biz sadəcə, qol epizodlarından yararlanmaq baxımından axsayırıq. Müdafiədə diqqətli oynasaq, qol şanslarından yaxşı yararlansaq, qalib gələ bilərik.
- AZAL-ın sizdən artıq 4 xal uzaqlaşması narahatlıq yaratmır?
- Bu, bizi narahat etməlidir. Məhz buna görə qarşıdakı oyunlara daha böyük motivasiya ilə çıxmalıyıq. Digər rəqiblərimiz bizdən çox uzaqlaşıblar. Amma ən azından altıncı pilləyə çıxmağa çalışmalıyıq.
- U-17 Avropa çempionatına görə may ayında ev oyunlarınızı "Bakcell Arena"da keçirə bilməyəcəksiniz. Bu, sizə problem yaratmayacaq?
- Yaratmamalıdır. Mövsümün son iki ev oyununu AZAL və "İnter"ə qarşı keçirəcəyik. Biz artıq orada məşq etmişik. Rahat stadiondur, xoşumuza gəlib. Qazonu da yaxşı vəziyyətdədir. Maraqlı olacaq.
