Yaşar Babayev: Şadam ki, Azərbaycan futbolu yerində saymır
Azərbaycanın veteran futbolçusu, "Neftçi"nin keçmiş oyunçusu Yaşar Babayevin 75 illik yubileyi münasibətilə azerisport.az saytına müsahibəsi
- 75 illik yubileyinizi təbrik edirik. Növbəti yaşınızı necə qeyd etməyi planlaşdırırsınız?
- Çox sağ olun. Veteranları - Kazbek Tuayevi, Maşallah Əhmədovu və digərlərini dəvət edəcəyəm.
- Özünüzü necə hiss edirsiniz? Bir müddət öncə xəstə idiniz...
- Təzəlikcə insult keçirmişəm. Məndə şəkərli diabet var. Bir müddət daha pis idim. İndi özümü yaxşı hiss edirəm.
- Digər veteranlardan fərqli olaraq, sizin kölgəyə çəkilməyinizin səbəbi nədir?
- Yəqin ki, Bədən Tərbiyəsi və İdman Akademiyasında işlədiyimə görədir. Son 10-11 ildə orada çalışıram. Yəqin ki, hansısa komandada çalışsaydım, məni daha çox görərdiniz. Amma karyeramı başa vurandan sonra "Neftçi"nin bazasında direktor kimi çalışırdım. Daha sonra uşaq komandalarında işlədim. Son illərdə də akademiyadayam.
- Sizinlə maraqlanırlar?
- Şikayət etməyimə səbəb yoxdur. Sağ olsunlar, zəng edirlər, soruşurlar, hərdən kömək edirlər.
- Kim və necə kömək edir?
- AFFA və "Neftçi" maddi dəstək göstərir. Unutmamaları xoşdur. Özünü lazımlı hiss edirsən. Yada salırlarsa, deməli, mən bu ölkə üçün nəsə etmişəm.
- Futbolumuzda baş verənləri izləyirsiniz?
- Gözlərimdəki problemlə əlaqədar futbola baxa bilmirəm. Amma məlumat alıram. Nəvəm danışır. Şadam ki, Azərbaycan futbolu yerində saymır. Biz futbol ölkəsiyik, daha da inkişaf etməliyik. Əvvəllər azərbaycanlı futbolçular güclü texnikaları ilə tanınardılar. Təəssüf ki, indiki futbolçularda bu yoxdur.
- Siz Gəncədə oynamısınız. Yəqin ki, "Kəpəz"in hazırda Premyer Liqada olduğunu bilirsiniz?
- Bəli. Sevindirici haldır ki, belə böyük futbol şəhəri elitada təmsl olunur. Belə də olmalıdır.
