Junior Nildo: Azərbaycana qayıtmağın əleyhinə deyiləm
AZAL, "Xəzər Lənkəran" və "İnter"in sabiq hücumçusu Junior Nildo yenidən Azərbaycan Premyer Liqasında oynamağın əleyhinə deyil. Azerisport.az saytına açıqlamasında bunu forvard özü bəyan edib:
"Azərbaycanda üç klubda oynamışam. Çıxış etdiyim hər bir komandanın uğur qazanması üçün əlimdən gələni etmişəm. Necə alınıbsa, bunu hamı görüb. Şans yaransa, yenidən Azərbaycana qayıtmağın əleyhinə deyiləm. Düzünü deyim ki, Azərbaycan çempionatını unutmamışam. Orada oynayan xeyli dostum da var. Hərdən oyunları müzakirə edirik. "Zirə" bu mövsümün əsas sürprizidir. "İnter"ə gəlincə, bu klubun borcları barədə danışmaq istəmirəm. Hazırda Polşanın "Olimpiya" klubunda çıxış edirəm, pis oynamıram. Düzdür, elitaya çıxmaq şansımız çox azdır. Amma sabit oynamaq hər şeydən vacibdir".
