Tuyqun Nadirov: Bizim 600-700 min dollarlıq borcumuz var
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov bu gün keçirilmiş AFFA Klublar Komitəsinin növbəti iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.
- "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov son mətbuat konfransında klubun növbəti mövsüm üçün büdcəni artıracağını bəyan edib. Bu, doğrudur?
- Bizim həm perspektivli, həm də özünü yaxşı tərəfdən göstərə bilməyən gənc futbolçularımız var. Şübhəsiz ki, mövsümün sonunda onlarla bağlı müvafiq qərarlar çıxaracağıq. Biz daha güclü komanda yaratmaq istəyirik. Çünki növbəti mövsüm üçün qarşımıza yüksək hədəflər qoyacağıq. Vəziyyət yaxşılaşır. Yayda köhnə borclarla da bağlı bütün problemləri yoluna qoyacağıq.
- Belə olan halda baş məşqçi dəyişikliyi də olacaq?
- Bu məsələ gündəmdə deyil. Bizə heyəti gücləndirmək lazımdır. Gənclərdən ibarət heyətlə maraqlı futbol sərgiləməyimiz bizi sevindirir. Bu heyət daha güclü futbolçularla çıxış etdiyimiz dövrdəkindən daha yaxşı oyun göstərir.
- Klubunuzun fəxri prezidenti Mübariz Mənsimovla əlaqələriniz var?
- Şübhəsiz ki, o, klubda görülən işlərlə bağlı hesabat alır. Mətbuatda belə bir informasiya yayılmışdı ki, klubun baş sponsoru - "Palmali" "Xəzər Lənkəran"ı saxlamaq istəmir. Bunlar doğru deyil. Diqqət etmisinizsə, bizim yeni sponsorlarımız var. Yaxın zamanda partnyorlarımızın sayı daha da artacaq. Hazırda bizim infrastrukturla, maaşların ödənişi ilə bağlı heç bir problemimiz yoxdur. Yeganə problem əvvəlki borclardır. Digər klublardakı qədər böyük borcumuz da yoxdur. Borcumuz təxminən 600000-700000 dollardır. Sanksiyadan qaçmaq üçün bütün bu borcları bağlamaq lazımdır.
- Baş sponsorunuz bu borcu ödəyə bilməz?
- Ödəsəydilər, heç bir borcumuz olmadı. Böhran hamıya təsirini göstərib. Biz də indiki vəziyyətdə klubun yaşaması üçün əlimizdən gələni edirik. Bizə sabitlik lazımdır. Hazırkı borcları digər borcların sayəsində ödəmək istəmirik. Belə olan halda klubun gələcəyini riskə atmış olarıq.
- Komandanız elitanı tərk etsə, yeni sponsorlarınız əməkdaşlığı davam etdirəcək?
- Onlar bütün komandalara yox, sadəcə, kluba sponsorluq edirlər. "Xəzər Lənkəran" böyük klubdur. Sponsorlar bizimlə əməkdaşlıqda maraqlıdırlar.
- Elnur Cəfərov artıq sizin futbolçu deyil?
- Biz artıq İspaniyanın "Real Ovyedo" klubu ilə razılığa gəlmişik. Sevinirik ki, klubumuzun yetirməsi belə güclü bir futbol ölkəsində çıxış edəcək. Bu, bizim uğurlarımızdan biridir. Onun atası da bizim futbolçumuz olub. Sevindirici haldır ki, indi onun klubumuzda çıxış edən oğlu da İspaniyada oynamaq şansı qazanıb.
