Musayev: Bu, Qarabağa ÇL-də problem yaradacaq
"Qarabağ"ın sabiq hücumçusu Samir Musayevin azerisport.az saytına müsahibəsi
- "Neftçi" - "Qarabağ" matçına baxdınız? Oyunla bağlı nə deyə bilərsiniz?
- Oyuna baxdım. Maraqlı görüş idi. Hər iki komanda oyuna yaxşı başlamışdı. Amma "Qarabağ" tədricən üstünlüyə yiyələnə bildi və qalib gəldi. "Neftçi" də pis təsir bağışlamadı. Hücumlar qururdu, qol da vurdu.
- Bu qələbədən sonra "Qarabağ"ın dəqiq çempion olacağını söyləmək olar?
- Son oyuna qədər bunu deməyə dəyməz. Amma etiraf etmək lazımdır ki, "Qarabağ" çempionluğa çox yaxındır.
- Onu da etiraf etmək lazımdır ki, bu mövsüm "Qarabağ"ın ölkə çempionatında ciddi rəqibi olmadı...
- Bu fikirlə razıyam. Onu da başa düşürəm ki, bu, "Qarabağ"a Çempionlar Liqasında problem yaradacaq. Çempionatımızda "Qarabağ" səviyyəsində daha çox klub görmək istərdim. Bu, Azərbaycan futboluna ancaq fayda verər.
- Son dövrlər "Qarabağ"ın heyətində qollarını sıralayan gənc Mahir Mədətov da özündən söz etdirməyə başlayıb...
- Mahirin qollar vurması məni sevindirir. Çünki gənc futbolçudur və onun daha da inkişaf etməsini çox istərdim. Mahir bir qədər də artırsa, "Qarabağ"ın əsas heyət üzvünə də çevrilə bilər. Bununla kifayətlənməməli, öz üzərində daha çox çalışmalıdır. Çempionatımızın bombardirlər yarışında yerli futbolçu görməyə darıxmışam.
- Zədədən qayıdan Reynaldonun çıxışını necə dəyərləndirərdiniz?
- Yaxşı ki, mövsümün sonunda qayıtdı. Reynaldo yenə öz işini görür, qol vurur və komandaya fayda verir.
- May ayında Bakıda U-17 yığmalar arasında Avropa çempionatı keçiriləcək. Sizcə, milli komandamız qrupdan çıxa biləcək?
- A qrupunda yığmamızla yanaşı çox güclü komandalar yer alır. Mübarizə aparmaq lazımdır. Bəxtimiz gətirsə, qrupdan çıxa bilərik. Komandamıza uğurlar arzulayıram.
- Sizcə, AÇ-də hansı futbolçu yığmamızın liderinə çevrilə, komandanı öz arxasınca apara bilər?
- "Qəbələ"də çıxış edən Fərid Nəbiyevi qeyd edərdim. Bahadırla Elçin də yaxş çıxış edir. Onlar özlərini ən yaxşı tərəfdən göstərə bilərlər.
