Vaqif Cavadov: Onlar anlamalıdır ki, Azərbaycanda oynayırlar
"Sumqayıt"ın hücumçusu Vaqif Cavadov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matçla bağlı fikirləriniz...
- Nə deyə bilərəm? Futbolda belə hallar olur.
- Məğlubiyyəti bəxtsizliklə əlaqələndirmək olar?
- Biz yaratdığımız qol vəziyyətlərindən yararlana bilmədik. Bəxtimizin gətirmədiyini demək olar. Belə hallar olur. Rəqibi qələbə münasibətilə təbrik edirəm.
- Sizcə, AZAL qələbəyə layiq idi?
- Bu sualın cavabını siz jurnalistlər daha yaxşı bilərsiniz. Biz futbolçular öz işimizi görürük. Qol vura bilmədik, uduzduq.
- Matçın sonunda sizinlə rəqib futbolçu Qvanzav Maqomedov arasında nə baş vermişdi?
- Bircə onu deyə bilərəm ki, legionerin burada söyüş söyməyə haqqı yoxdur. Xüsusilə də yerli futbolçulara qarşı.
- O, sizi təhqir etdi?
- Gürcüstandan, Serbiyadan və digər ölkələrdən olan futbolçular bilməlidirlər ki, Azərbaycanda oynayırlar. Biz onları öz ölkələrində heç vaxt təhqir etmərik. Oyundan sonra iradlarımı ona bildirdim.
- Deyəsən, rəqib komandanın paltardəyişmə otağına getmişdiniz...
- Oraya getdim, danışdıq və barışdıq. Hər şey normaldır.
