Saşa Yunisoğlu: Hakim mənə qəsdən qırmızı vərəqə göstərdi
"Rəvan"ın müdafiəçisi Saşa Yunisoğlu Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri səfər oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Qırmızı vərəqə aldığıma, komanda yoldaşlarımı çətin vəziyyətdə qoyduğuma görə çox məyusam. Çünki məhz mənim qırmızı vərəqə almağımdan sonra komandamız iki qol buraxaraq, məğlub oldu. Amma həmin epizodda təmiz topa oynamışdım".
Təcrübəli futbolçunun sözlərinə görə, qarşılaşmanın baş hakimi Rauf Cabbarov ona qarşı qərəzli olub: "Hakim matçın əvvəlindən məni sarı vərəqə ilə hədələməyə başlamışdı. Öz istəyinə çatdı. Onun bunda nə məqsədi var idi, bilmirəm. Amma mənə elə gəlir ki, qəsdən qırmızı vərəqə göstərdi. Sanki bunun üçün fürsət gözləyirdi. Fikrimcə, mən də olmasaydım, komandamızın hansısa üzvünü mütləq meydandan qovacaqdı".
Yunisoğlunun sözlərinə görə, normal hakimlik olsaydı, onlar Qəbələdən xalla qayıda bilərdilər: "Mənim kimi, komandamızın digər üzvləri də hakimlikdən narazı qaldı. Rauf Cabbarov artıq neçənci dəfədir ki, "Rəvan"a qarşı qərəzli idarəçilik edir. Bu, yolverilməzdir. Əminəm ki, onun verdiyi qırmızı vərəqə olmasaydı, biz Qəbələdən ən azı bir xalla qayıda bilərdik".
Saşa rəqib komandanın baş məşqçisi Roman Qriqorçukla aralarında yaranan münaqişəyə də münasibət bildirib: "Sadəcə, aramızda mübahisə yarandı. Həmin epizodda kiçik zədə aldım. Amma o, "Rəvan"ın futbolçularının artistlik etdiyini dedi. Həkimlər mənə tibbi yardım göstərəndə isə futbolçularına feyr-pleyə əməl etməməyi, topu bizə qaytarmamağı tapşırdı. Onun bu sözləri mənim xoşuma gəlmədi və buna görə də sərt şəkildə etirazımı bildirdim. Dedim ki, bu, qaydasız döyüş yox, futboldur. Hamımız insanıq, zədəli futbolçuya vaxtında tibbi yardım lazımdır. Düzünü deyim ki, belə bir məşqçidən o cür sözlər gözləmirdim. Amma bütün olanlar futbol meydanında qaldı. "Qəbələ"yə də qarşıdakı oyunlarında uğurlar arzulayıram".
