Muarem Muarem: Rəhbərlik qərar versə, Ağdamda oynamağa hazırıq
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Neftçi" üzərində qazandıqları qələbədən (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- "Neftçi" ilə oyunlarımız həmişə gərgin keçir. Bunu nəzərə alaraq, matça ciddi hazırlaşmışdıq. Neçənci pillədə qərarlaşmasından asılı olmayaraq, onlar bizimlə oyunlarda həmişə yaxşı çıxış edirlər. Bu üzdən də qələbə qazandığımız üçün çox şadam. Yolumuza davam edirik.
- Birinci hissədə oyununuz alınmırdı. Qollar da ikinci yarıda gəldi...
- Birinci hissədə də qol vurmaq üçün çox çalışdıq, alınmadı. Əsas odur ki, qələbə qazandıq. Qolu nə vaxt vurmağın əhəmiyyəti yoxdur.
- Artıq mövsüm üçün hədəfinizə çatdığınızı demək olar?
- Qarşıda hələ altı tur var. Çempionluğa yaxınlaşmışıq. Birinci pillədəki mövqeyimizi qorumağı çox istəyirik.
- Klub prezidenti Tahir Gözəl bu oyundan öncə sizinlə görüşdü. Nə danışdınız?
- Qarabağ həqiqətləri barədə söhbət etdi. İşimizə daha ciddi yanaşmağı tapşırdı. Biz hamımız necə bir klubda oynadığımızı yaxşı anlayırıq. Bunu bilmək çox vacibdir.
- Cəbhə xəttində baş verənlərdən sonra Azərbaycanı dəstəkləyənlər çox oldu. Amma "Qarabağ"ın legionerləri heç sosial şəbəkələrdə də bu barədə danışmadılar...
- Mən özümdən danışa bilərəm. Əminəm ki, komanda yoldaşlarım da mənim bu fikrimi dəstəkləyər. Biz uşaqlarla məşqlərdə daim bu barədə söhbət edirik. Əlbəttə, qoldan sonra hərbi salam vermək yaxşıdır. Amma bu, hər şey demək deyil. Biz də Azərbaycanı bu məsələdə dəstəkləyirik.
- "Qarabağ" növbəti mövsümdən ev oyunlarını yenidən Ağdamda keçirə bilər?
- Rəhbərlik buna qərar versə, biz hazırıq. Niyə də olmasın? Mən orada oynamışam. Bunda heç bir problem görmürəm.
- Amma vaxtilə məhz futbolçular oradakı şəraitsizlikdən gileyləndiyi üçün rəhbərlik Ağdamda oynamaqdan imtina etməyə qərar vermişdi...
- O vaxt şərait yaxşı deyildi. Amma desələr, biz getməyə hazırıq.
