Saşa Yunisoğlu: Qırmızı vərəqə almasaydım, Qəbələ qol vura bilməzdi
"Rəvan"ın müdafiəçisi Saşa Yunisoğlu Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu (0:2) şərh edib. Azerisport.az saytına açıqlamasında o, qırmızı vərəqə aldığı bu görüşlə bağlı bunları söyləyib:
"Baş məşqçimiz Bəhmən Həsənovdan soruşurlar ki, Saşa qırmızı vərəqə almaqla komandaya arxadan vurdu. Niyə belə deyirlər, yazırlar, baş açmıram. Sonra da şikayət edirlər ki, futbolçular jurnalistlərlə danışmaq istəmirlər. Belə şeylərdən danışmaq utandırıcıdır. Matça gəlincə, hesab edirəm ki, qırmızı vərəqə almasaydım, matç heç-heçə bitə bilərdi, rəqib bizə qol vurmazdı. Əfsuslar olsun ki, heç nədən qırmızı vərəqə aldım. Etiraf edim ki, Ürfan Abbasova qarşı düzgün oynamadım. Topa toxunmaq əvəzinə onun ayağına toxundum. Komandamı azlıqda qoyduğum üçün təəssüflənirəm".
