Riçard Almeyda: Qola elə sevinməməli idim
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Neftçi" üzərində 2:1 hesablı qələbəyə sevindikləri oyundan sonra azerisport.az saytının suallarına cavab verib.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- "Neftçi" ilə matçın necə böyük əhəmiyyət daşıdığını anlayırdıq. Birinci hissədə oyunumuz alınmadı. Tələsirdik və buna görə hücum xəttində cəhdlərimiz alınmırdı. İkinci hissədə isə vəziyyəti düzəldə bildik və iki qol vurub, qalib gəldik.
- Bu gün aldığınız sarı vərəqə səbəbindən növbəti oyunda komandanıza kömək edə bilməyəcəksiniz...
- Bəli, elədir. Bu oyunda Migel sarı vərəqə limitini doldurduğu üçün oynamırdı, gələn turda da mən. Amma heyətdə məni əvəz edə biləcək futbolçular var.
- Reynaldonun vurduğu qola siz çox sevndiniz. Bu sevinməyiniz matçın prinsipiallığından irəli gəlirdi, ya həmyerlinizin qol vurmasına görə?
- Reynaldoya görə. O, uzun müddət zədə səbəbindən oynamırdı. Şadam ki, onun qayıdışı belə uğurlu alındı. Ümid edirəm ki, tezliklə əvvəlki formasını bərpa edəcək.
- Mövsümün sizin üçün bu qədər asan keçəcəyini gözləyirdiniz?
- Bu fikirlə razı deyiləm. Bizim üçün asan mövsüm, oyun yoxdur. Sadəcə, biz komanda olaraq bir-birimizi meydanda yaxşı başa düşürük və qələbə qazanırıq.
- Amma gəlin razılaşaq ki, bu gün "Qarabağ"a layiqli rəqib yoxdur...
- Mən rəqiblərimizin bizə layiqli müqavimət götərmədiyini deməzdim. Sadəcə, biz psixoloji baxımdan yüksəlişdəyik. Baş məşqçi bizdən həmişə maksimum nəticə, ən yaxşı oyun tələb edir. Buna görə də uğurlu çıxış edirik.
- Sarı vərəqəyə çox sərt etiraz etdiniz...
- Mən həddən artıq çox sevindim. Ona görə də rəqib qapıçı Aqil Məmmədovla problemim yarandı. Səhv etdim. Belə sevinməməli idim. Meydanda ondan üzr istədm.
