Juninyo: Kəpəz hədəfinə çatmaq üçün sonadək mübarizə aparacaq
"Kəpəz"in yarımmüdafiəçisi Juninyo Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "İnter"ə qarşı oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "İnter"lə matçdan nö gözləyirsiniz?
- Bizim üçün çox vacib oyundur. Əla hazırlıq keçmişik. Əvvəlki matçlarımızda olduğu kimi, qələbəyə oynayacağıq. "İnter"lə oyuna tam hazırıq. Matçın startını gözləyirik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Bakılılar sizin mükafatlar uğrunda əsas rəqiblərinizdəndir. Amma bu komanda avrokuboklara buraxılmaya bilər ki, bu da sizin qitə arenasına yolunuzu açır...
- "İnter"in avrokuboklara buraxılıb-buraxılmayacağını bilmirəm. Məni sadəcə, bu matçın özü narahat edir. Təkcə onu deyə bilərəm ki, rəqibin güclü heyəti, keyfiyyətli oyunçuları var. Onlara qarşı çox yaxşı oynamağımız lazımdır.
- Avrokuboklara çıxmaq şansınızı necə dəyərləndirərdiniz?
- Hələ ki, pis getmirik. "İnter"ə qalib gəlsək, onlarla üçüncü pilləni bölüşməli olacağıq. Qarşıda daha 7 oyun var ki, bu da potensial 21 xal deməkdir. Amma biz hazırda yalnız qarşıdakı oyunu düşünürük.
- AZAL (0:3) və "Qarabağ"la (0:4) oyunlarda böyük hesabla uduzdunuz. "Kəpəz" toparlana bilib?
- Buna məcburuq. Komandada atmosfer pis deyil. "İnter" üzərində qələbə ilə son məğlubiyyətləti unutdurmaq istəyirik. Doğma meydanda ancaq üç xal üçün mübarizə aparacağıq.
- Son turda "Qarabağ"a qarşı oynamadınız və komandanızın oyunu demək olar ki, alınmadı. Juninyosuz "Kəpəz"in oyunu getmir demək olar?
- Belə danışmağı xoşlamıram. Komandamızın heyətində yaxşı futbolçular var. Mən meydanda olsam da, olmasam da, komandamız hər matçda döyüşür. Amma təbii ki, "Qarabağ"la oyunda mən də meydanda olmaq, komandama kömək etmək istərdim.
- Dario Federikonun yoxluğunda "Kəpəz" uğurlu çıxışını davam etdirirdi. Bəs Namiq Ələsgərovun yoxluğunda da buna nail ola biləcəksiniz?
- Şübhəsiz. Namiq bizim üçün vacib oyunçudur. Onun zədələnməsi bizi məyus etdi. Onların hər ikisi bizim üçün vacib futbolçudur. Amma nə etmək olar? Komandamızın digər futbolçuları da yaxşı səviyyədədir. Biz sonadək mübarizəmizi davam etdirəcəyik və hədəfimizə çatmağa çalışacağıq.
