Şahin Diniyev: Kəpəz üçün hələ heç nə itirilməyib
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Son iki turda böyük hesablarla uduzmusunuz. "Kəpəz"də nə baş verir?
- Hər komandada eniş dövrü olur. İndi bizdə də məhz bu müşahidə olunur. Amma bu, o qədər də qorxulu deyil. Uğursuz gedişata son qoymaq istəyirik. Ehtiyat oyunçular skamyamız qısadır. Bütün mövsüm ərzində eyni futbolçularla meydana çıxmaq komandada həm psixoloji, həm də fiziki yorğunluğa səbəb olur. Məhz buna görə məşqlərimizi də 50-55 dəqiqəyə endirmişik. Mən komandada bu cür enişin olacağını gözləyirdim. Amma bunun 16-17-ci turlarda baş verəcəyini düşünürdüm. Lakin Yevlax toplanışı bizim üçün əlavə stimul oldu, uğurlu çıxışımız daha uzun sürdü. Sadəcə, qış toplanışı bizə iki ay kömək edə bildi.
- Siz AZAL-a 3, "Qarabağ"a 4 cavabsız qollar uduzacağınızı gözləyirdiniz?
- Əslində biz bu oyunlarda belə böyük hesablı məğlubiyyətlərə layiq deyildik. Amma fiziki və psixoloji yorğunluq, üstəlik, müdafiədəki uşaq səhvləri yekun nəticəyə təsirini göstərdi. Hətta avtoqollar vurmağa başladıq. Lakin mən indiki vəziyyətdə komandamı tənqid etmək istəməzdim. Onların arxasında dağ kimi dayanmışam və futbolçularımı başa düşürəm.
- Bu geriləmədən qaçmaq mümkün deyildi?
- Bunun üçün heyətdə rotasiyalar etmək lazım idi. Amma bizim belə bir imkanımız yoxdur. Ehtiyat oyunçular skamyamız uzun olsaydı, futbolçulara növbə ilə istirahət verərdim. Lakin unutmaq lazım deyil ki, 45 xalı məhz bu komanda qazanıb. Bizim üçün hələ heç nə bitməyib. Hazırda dördüncü pillədə qərarlaşmışıq. Bütün bunlara öz oyunumuzla nail olmuşuq.
- Böhran nə vaxta kimi davam edəcək?
- Bunu demək çətindir. Böhran davam edə bilər, tezliklə başa çatması da mümkündür. Hər şey özümüzdən asılıdır. Bunun üçün məşqlərdə əlimizdən gələni edirik. Məşqlərdə kəmiyyətə yox, keyfiyyətə üstünlük veririk. Belə bir vaxtda komandaya təzyiq göstərmək olmaz. Belə etsək, vəziyyət daha da kəskinləşə bilər. Uşaqları dəstəkləmək lazımdır.
- "İnter"lə oyun dönüş nöqtəsi ola bilər?
- Bizim üçün vacib oyundur. Biz üçüncü pilləni ələ keçirə bilərik. UEFA-nın məlum sanksiyasına baxmayaraq, "İnter" öz oyununu sərgiləməyə davam edir və bu, mənim xoşuma gəlir. Motivasiya baxımından da heç bir geriləmə hiss olunmur. Paytaxt klubu bu zərbəni çox peşəkarcasına qəbul etdi. Bizi də bu rəqiblə çətin oyun gözlədiyi şübhəsizdir.
- Sizə elə gəlmir ki, "İnter"lə "Zirə"nin avrokuboklara buraxılmaması "Kəpəz"in Avropa Liqasına yollanmasına kömək edə bilər?
- Razı deyiləm. Bizim öz hədəflərimiz var. Öz xoşbəxtliyimizi digər komandaların bədbəxtliyi üzərində qura bilmərik. Ən azından dördüncü pilləni tutmalıyıq ki, avrokuboklara vəsiqə qazanaq. Həmçinin mətbuatda "Kəpəz"in ev komandası adlandırılmasına da münasibət bildirmək istərdim. Bu, belə deyil. 45 xaldan 19-nu səfərdə toplamışıq. Səfərdə "Qəbələ", "Neftçi" kimi rəqiblərə qalib gəlmişik. Düzdür, ev oyunlarımızda yaxşı azarkeş dəstəyimiz olur. Amma ev komandası xallarının 40 faizini səfər matçlarında toplaya bilməzdi.
