Səməd Qurbanov: Neftçidə kollektivlik yoxdur
"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovun azerisport.az saytına müsahibəsi
- Rusiyalı teleşərhçi Gennadi Orlov 1977-ci ildə "Neftçi"nin "Zenit"dən oyun aldığını iddia edib...
- Orlov kimdir ki, belə şeylər danışıb? Oyun almaqdan söhbət belə gedə bilməz. Mən 3:2 hesabıyla qalib gəldiyimiz həmin oyunda əsas heyətdə meydana çıxmışdım. Yüksək liqaya yenicə qayıtmışdıq. Onun sözləri gülməlidir. Eyni zamanda mümkünsüz olan şeyləri söyləyib.
- Bu, rusiyalı futbol adamlarının "Neftçi" barədə ilk belə açıqlaması deyil...
- Mən başa düşmürəm ki, niyə məhz bizim haqqımızda danışırlar. Onların bunda marağı nədir?
- Qeyri-sabit çıxış edən indiki "Neftçi" barədə nə deyə bilərsiniz?
- Sadəcə, komanda öz oyununu tapa bilmir. Hərdən elə oyunlar olur ki, çox yaxşı oynayırıq, qalib gəlirik. Hərdən də elə olur ki, sanki komanda ilk dəfədir meydana çıxıb. Ayrıca olaraq hər bir futbolçumuz güclüdür. Amma kollektiv yoxdur.
- Qarşıda "Qarabağ"la oyun var. Toparlana biləcəksiniz?
- Məcburuq. Ümumiyyətlə, maraqlı oyun olacaq. Hər iki komanda güclüdür və qələbə qazanmaq arzusundadır. Kimin güclü olduğunu oyun göstərəcək.
- Məgər indi bunu müəyyənləşdirmək çətindir?
- Əlbəttə, "Qarabağ"la "Neftçi"nin indiki vəziyyəti xeyli fərqlidir. Amma ayrıca bir oyunda hər şey baş verə bilər. "Neftçi" bu mövsüm "Qarabağ"a qalib gəlib. Bunu yenidən təkrar edə bilər.
- Amma komandanız son iki turda autsayder "Rəvan"a minimal hesabla uduzub, digər autsayder "Xəzər Lənkəran"ı da çətinliklə məğlub edib...
- "Neftçi"nin autsayderlərlə oyunları həmişə çətin keçir. Sanki motivasiya çatışmır. Amma "Qarabağ" kimi komandalarla oyunlarda bundan söhbət də gedə bilməz.
- Hazırda Vəli Qasımovun müvəqqəti tutduğu baş məşqçi postu ilə bağlı hansı planlarınız var?
- İndi bu barədə sizə heç nə deyə bilmərəm. Tezliklə Müşahidə Şurasının iclası olacaq. Orada müxtəlif məsələləri müzakirə edəcəyik. Geridə qalan bir ilə də yekun vurulacaq. Baş məşqçi məsələsinə gəlincə, hazırda komandanın qarşısında duran əsas vəzifə mövsümü layiqli pillədə başa vurmaqdır. Mövsümün sonuna az qalıb. Komanda toparlanmalı və yaxşı yer tutmalıdır.
- "İnter"lə "Zirə"nin avrokuboklara buraxılmayacağını nəzərə alsaq, "Neftçi"nin də qitə miqyaslı turnirlərə vəsiqə qazanmaq şansı var...
- Komandamız hazırda layiq olduğu yerdə olmasa da, mövsüm hələ boşa verilməyib. Ən azından ölkə kubokuna böyük ümidlər bəsləyirik. "Qəbələ"ni yarımfinalda keçib, finala çıxmalı və titul qazanmalıyıq.
