Təbriz Həsənov: Bu, yığma üzvləri üçün çox yaxşı motivasiya olar
Bir müddət öncə Arif Əsədov saytımıza müsahibəsində Azərbaycanda keçiriləcək U-17 yığmaları arasındakı Avropa çempionatında çıxış edəcək millimizin üzvlərini ruhlandırmaq üçün veteran futbolçuların onlarla görüşünün təşkil edilməsinin vacibliyini vurğulamışdı. Azerisport.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov Əsədovun bu ideyasını bəyəndiyini söyləyib.
O, saytımıza açıqlamasında bunları dilə gətirib: "SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandaları ilə dünya və Avropa çempionu olmuş Arif Əsədovla, Tərlan Əhmədovla, Vəli Qasımovla tez-tez görüşürəm. Amma onlar mənə bu barədə danışmamışdılar. Lakin Arif Əsədovun ideyası çox yaxşıdır. Mən hətta təklif edərdim ki, onlarda həmin oyunların videokadrları varsa, onları bizim uşaqlara göstərməyə yardım etsinlər. Bu, AÇ öncəsi yığmamızın üzvləri üçün çox yaxşı motivasiya olardı".
