"Planetin ən yaxşı səkkiz komandası arasında yer almaq istəyirik"
Futzal üzrə Azərbaycan yığmasının üzvü Amadeu dünya çempionatına vəsiqə uğrunda Hollandiyaya qarşı keçirilmiş cavab pley-off matçından (4:4, ilk oyun 5:1) sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı və maraqlı oyun oldu. Eyni zamanda bir qədər gərgin matç keçdi. Lakin buna baxmayaraq, biz lazım olan nəticəni qazana və dünya çempionatına vəsiqəni təmin edə bildik. Mundialda oynamaq mənim arzum idi. Bu arzum Azərbaycan yığması ilə gerçək oldu. Buna görə də çox xoşbəxtəm. Əslində biz DÇ-yə vəsiqəni hələ Hollandiyadakı ilk oyunda böyük ölçüdə təmin etmişdik. Amma Bakıda da qələbə qazanıb, azarkeşlərimizi sevindirmək istəyirdik. Düzdür, qələbə qazana bilmədik, amma əsas odur ki, şansımızı əldən vermədik".
Amadeu ölkəmizdə çıxış edən braziliyalı futbolçuların tribunada yer almasına da münasibət bildirib: "Azarkeşlər arasında Reynaldo ("Qarabağ") və Denis Silva ("İnter") da var idi. Əlbəttə, onların Azərbaycan yığmasında çıxış edən braziliyalı oyunçulara dəstəyini görmək çox xoş idi".
Təcrübəli futzalçı Kolumbiyada keçiriləcək mundialdan da söz açıb: "Dünya çempionatında işimiz daha çətin olacaq. Amma biz bu turnirə yaxşı hazırlaşacağıq. Oraya yaxşı nəticələr qazanmaq üçün yollanacağıq. Ən azından planetin ən yaxşı səkkiz komandası arasında yer almaq istəyirik".
