"Qapımıza olmayan penalti təyin olundu"
"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunda (1:1) qapılarına təyin olunan penaltiyə etirazını dilə gətirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyunda üstünlük bizim tərəfimizdə idi. Amma çoxlu qol epizodunu boşa verdik. Matçın sonunda isə qapımıza olmayan penalti təyin olundu. Arif Daşdəmirov Pərdis Fərcad-Azadla toqquşdu. Hər halda həqiqəti onlar daha yaxşı bilirlər. İstənilən halda iki xal itirdik. Avrokuboklara vəsiqə qazanmaq istəyirik. Buna nail ola bilməsək, faciə olacaq".
Millimizin də şərəfini qoruyan futbolçu mayın 29-da keçiriləcək Makedoniyaya qarşı yoxlama matçından da danışıb: "Makedoniya yaxşı komandadır. Bizim üçün həm maraqlı, həm də ağır oyun olacaq. Amma meydana qələbə üçün çıxacağıq".
