Nelson Bonilya: Başqa klublardan bəzi təkliflər almışam
"Zirə"nin hücumçusu Nelson Bonilya Azərbaycan çempionatındakı çıxışından danışıb, hədəflərindən söz açıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"İndi mənim arzum Azərbaycan çempionatının bombardiri olmaqdır. Gördüyüm işdən, əldə etdiyim uğurlardan şadam. Mənim kollektiv baxımından bəxtim gətirib. Məhz buna görə hazırda ikinci pillədə qərarlaşmışıq".
Bonilyanın sözlərinə görə, onun gəlişindən sonra "Zirə"də vəziyyət dəyişib: "Mən bura gələndə hamı əsas hədəfin elitada qalmaq olduğunu söyləyirdi. Amma hazırda Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparırıq. İndi turnir cədvəlinin ikinci pilləsindəyik. Çempionatın başa çatmasına isə yeddi tur qalır. Ona görə də qarşımızdakı hədəfimizə çatacağımıza ümidimiz böyükdür".
Bonilya onu da bildirib ki, əvvəllər ona ölkəmizdə bir qədər çətin olub: "Ailəmdən kənarda qalmaq öncə çox çətin idi. Amma xarakterim bu problemi aradan qaldırmağa yardımçı oldu. Yerli futbola alışmağım üçün öz üzərimdə ikiqat artıq çalışmalı olurdum. Amma çox çalışmağım xoşuma gəlir. Çünki bunun bəhrəsini də görürəm. Menecerim də məni buna inandırdı ki, üzərimdə çox çalışmağımın ancaq faydasını görəcəyəm".
Bonilya Avropa ölkələrinin yüksək liqalarında bombardir olan ilk salvadorlu futbolçu kimi tarixə düşə bilər. O, başqa klublardan təklif aldığını da bəyan edib: "Bəzi təkliflər var. Amma konkret heç nə yoxdur".
(Salvador mətbuatı)
