Ruslan Qurbanov: Buna görə XL azarkeşləri də məni alqışladı
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra öncə bunları söyləyib:
"Ağır və maraqlı oyun alındı. Bizim çoxlu qol epizodumuz oldu. Amma onlardan yararlana bilmədik. Yalnız bir qol epizodundan yararlandıq. Lakin əsas odur ki, həmin qol komandamıza qələbə və üç xal qazandırdı".
Yeganə qolun müəllifi olan Qurbanov həmin epizodda rəqib qapıçı Orxan Sadıqlının "köməyi"ni inkar etmədi: "Razıyam ki, Sadıqlının səhvi mənim qol vurmağıma kömək etdi. Amma mənim üçün hər şeydən önəmli olan topu rəqib toruna qovuşdurmaqdı. Bakıya qələbə ilə qayıtdıq. Oyundan sonra çox söz danışmaq olar. Lakin ən önəmli olan tablodakı hesabdır".
Qurbanov vurduğu qoldan sonra kameralara formasının altından yazdırdığı "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarını nümayiş etdirdi. Bu barədə də danışan hücumçu bunları vurğuladı: "Öncədən hazırlaşmışdım. Ona görə də qol vurmağın özüm üçün nə dərəcədə vacib olduğunu düşünürdüm. Vurduğum qolu da vətən uğrunda dünyasını dəyişən şəhidlərimizə həsr edirəm. Hətta "Xəzər Lənkəran" azarkeşləri də hərbi salam verməyimi, bu şüarı nümayiş etdirməyimi alqışladı. Buna nail olduğum üçün şadam. Rəqib fanatların alqışını qazanmaq da çox xoş idi. Fürsətdən istifadə edib şəhidlərin yaxınlarına, ailələrinə başsağlığı verirəm. Biz həmişə onların yanındayıq. Artıq altı ildir ki, Azərbaycanda çörək qazanıram. Uğurlarımın da çoxuna bu ölkədə imza atmışam. Lazım gəlsə, mən də Azərbaycan üçün döyüşməyə hazıram. Çünki bura mənim ikinci evimdir. Mn həmişə ədalətin tərəfdarı olmuşam. Bütün dünya bilir ki, Qarabağ Ermənistanın yox, Azərbaycanındır".
Qurbanovun sözlərinə görə, qələbə qazansalar da, buna asanlıqla nail olmadılar: "Deməzdim ki, XL bizim üçün asan rəqibdir. Lənkəranlılar sonadək mübarizə apardılar və layiqli futbol sərgilədilər. Onların da qol vurmaq şansları vardı. Rəqib komandanın heyətində gənc futbolçular çoxdur. Bu komandaya gələcək oyunlarında uğurlar arzulayıram".
"Neftçi"nin forvardı növbəti turda qarşılaşacaqları "Qarabağ"la oyundan da söz açıb: "Qarabağ"a yenidən qalib gəlmək istəyirik. Ötən ev oyununda onları məğlub etmişdik. Avropa Liqasına vəsiqə qazanmaq üçün turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmağımız lazımdır. "Qarabağ" hazırda ölkənin ən güclü klubu hesab olunur və layiqli şəkildə liderdir. Amma biz qələbə üçün əlimizdən gələni etməliyik".
