Qarabağla Neftçi mayda ev oyunlarını harada keçirəcək?
"Qarabağ"la "Neftçi" may ayında Topaz Premyer Liqasındakı ev oyunlarını öz arenalarında - "Azərsun Arena" və "Bakcell Arena"da keçirə bilməyəcək. Azerisport.az xəbər verir ki, buna səbəb həmin dövrdə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasındakı Avropa çempionatının final mərhələsinin ölkəmizdə keçirilməsidir.
Qitə birinciliyinin oyunlarına ev sahibliyi edəcək arenalar arasında "Bakcell Arena" ilə "Azərsun Arena" da var. Bəs görəsən, həmin vaxt "Qarabağ"la "Neftçi" ev oyunlarını harada keçirəcək?
"Neftçi"dən aldığımız məlumata görə, paytaxt klubu 33-cü turun AZAL və 35-ci turun "İnter"lə ev oyunlarını "Əlincə" stadionunda keçirəcək. "Qarabağ" isə böyük ehtimalla ev oyunlarını Zirə İdman Kompleksinin stadionunda keçirəcək. AÇ dövründə Ağdam klubu 33-cü turda "Sumqayıt"ı, 34-cü turda "Qəbələ"ni, 36-cı turda AZAL-ı qəbul edəcək. "Qarabağ" həmçinin ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində "İnter"lə ev oyununu da Zirədə keçirəcək.
