Uğur Pamuk: Sumqayıtın bu qərarı mənim üçün çox gözlənilməz oldu
"Sumqayıt"la yollarını ayıran Uğur Pamukun azerisport.az saytına müsahibəsi
- Sizi niyə klubdan uzaqlaşdırdılar?
- Məni niyə komandadan uzaqlaşdırdıqlarını bilmirəm. Bu qərar mənim üçün gözlənilməz oldu.
- Bəs bu qərarı necə şərh edərdiniz?
- Məni əvəzedici komandaya göndərə bilərdilər. Amma ümumiyyətlə klubdan kənarlaşdırmağa qərar verdilər. Rəhbərliyin və məşqçilərin bu qərarının səbəbini bilmirəm. Bu, düz deyil.
- Sizinlə yanaşı Tofiq Mikayılov və Emin Mehdiyevi də qovublar...
- Düzünü deyim ki, rəhbərliyin bu qərarı mənə çox pis təsir etdi. Dörd il idi "Sumqayıt"da oynayırdım. Həm yaxşı, həm də pis günlərimiz olub. Futbolda belə hallar olur.
- Bəs siz rəhbərlikdən bu qərarın səbəbini soruşmadınız?
- Soruşsaq, deyəcəklər ki, siz qəsdən oynamırsınız. Halbuki, bizdə komanda olaraq oyun alınmırdı.
- Hazırda Bakıdasınız?
- Xeyr, Almaniyaya qayıtmışam. Burada məşqlərə başlayacağam.
- Özünüzə yeni klub tapmısınız?
- Regional liqada çıxış edən "Redinqhauzen"də məşq edəcəyəm. Vaxtilə baş məşqçim olmuş məşqçi indi bu klubda çalışır və məni qəbul edəcək. Amma burada nə qədər qalacağımı bilmirəm. Ola bilər ki, yenidən Azərbaycana qayıdım.
