Vüqar Nadirov: Mən özüm də vətən uğrunda döyüşməyə hazıram
"İnter"in hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində AZAL üzərində 1:0 hesablı qələbə qazandıqları oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun barədə nə deyə bilərsiniz?
- AZAL yaxşı komandadır. Onlar bunu cari mövsümdə dəfələrlə sübut ediblər. Liderlərdən xeyli xal alıblar. Çətin olacağını bilirdik. Buna baxmayaraq, bizə ancaq qələbə lazım idi. Buna da nail olduq.
- Birinci hissədə hücuma atılmağa elə də çox cəhd göstərmirdiniz. Rəqibin əks-hücumda sizə qol vuracağından çəkinirdiniz?
- Onlar uzun ötürmələr sayəsində təhlükəli hücumlar qurmağı bacarırlar. Buna baxmayaraq, bizim ilk yarıda da qol vurmaq şanslarımız oldu. Əsas odur ki, fasilədən sonra istəyimizə çatdıq.
- Rəqib müdafiəçi Emin Cəfərquliyevlə aranızda nə baş vermişdi?
- Xüsusi bir şey yox idi. Hər ikimiz emosional futbolçuyuq. Olanlar hamısı meydanda qaldı. Daha sonra o, mənə yaxınlaşdı, üzr istədi.
- Klub prezidenti Rəşad Qasımovun sözlərinə görə, komanda qışa qədər pis oynayırdı, nəticələr yaxşı idi, amma indi yaxşı oynayırsınız, nəticə yoxdur...
- Ola bilər. Çünki tez-tez optimal heyətlə oynamaqdan məhrum oluruq. Kimsə sıraya dönəndə başqası sıradan çıxır. Həm oyununu tapmaq, həm də yaxşı nəticələr qazanmaq çətin olur. Əsas odur ki, qələbə qazanaq. Lakin hər oyunda qələbə qazanmaq da olur.
- Komandanız böyük ehtimalla qarşıdakı avrokubok mövsümünü buraxmalı olacaq. Buna görə komandanı tərk edən çox olacaq?
- Bir neçə ildir avrokuboklarda çıxış edirəm və bu mövsüm onu buraxmağı istəməzdim. Amma yenə də ən yaxşısına ümid edirəm.
- Komandanız avrokuboklarda iştirak etməsə, şəxsən sizin addımınız necə olacaq?
- İndi "İnter"in futbolçusuyam və başqa hansısa kluba keçmək barədə düşünmürəm. Hazırda daha çox onu düşünürük ki, ilk üçlükdə yer alaq. Cəza qüvvədə qalsa, növbəti mövsümə qədər bu cəzamızı çəkmiş olarıq. Hər şey yaxşı olacağı halda da avrokuboklarda oynamaq şansı qazanarıq.
- Vurduğunuz qolu əsgər marşı və hərbi salamla qeyd etdiniz...
- Bəli, bu qolumu cəbhə bölgəsində son günlərdə həyatını itirən şəhidlərimizə həsr etdim. Onlar Qarabağ, vətən uğrunda döyüşlərdə şəhid olublar. Atam da şəhiddir. Ona görə də şəhid ailələrinin nə yaşadığını yaxşı bilirəm. Mən özüm də vətən uğrunda döyüşməyə hazıram.
- Futbolçuların yaxşı qazandığı heç kimə sirr deyil. İndiyə qədər hansısa şəhid ailəsinə kömək etmisiniz?
- Dəfələrlə. Mənim öz qohumlarım arasında da şəhid ailəsi kifayət qədərdir. Müharibə mənim gözlərim önündə baş verib.
