Arif Əsədov: Qrupdakı ilk matçda qələbə qazanmağımız çox vacibdir
Bu il Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının ötən gün püşkü atıldı. Azerisport.az xəbər verir ki, millimiz A qrupunda Portuqaliya, Belçika və Şotlandiyaya rəqib oldu.
Püşkatmanı dəyərləndirmək üçün futbol mütəxəssisi Arif Əsədovla söhbətləşdik. Hansı ki, o, gənc yaşlarında həm Avropa, həm də dünya çempionu adını qazanıb. Belə ki, Əsədov SSRİ U-17 yığmasının heyətində DÇ-1987-nin, SSRİ U-19 millisi ilə də AÇ-1988-in qalibi olub.
"Düzünü deyim ki, uşaqlara hansısa məsləhət vermək artıq gecdir. Belə yarışlara bütöv il ərzində hazırlaşmaq lazımdır. Yarışın başlamasına çox az vaxt qaldığından nəsə əlavə etmək, nəyisə dəyişmək çətindir. Uşaqlar indi həm fiziki, həm də taktiki cəhətdən tam hazırlıqlıdırlar. Onlarla sadəcə, psixoloji baxımdan iş görmək lazımdır ki, vahid bir komanda kimi birləşməyə nail olsunlar".
Əsədov 28 il əvvəlki uğurlarından da söz açıb: "Həmin vaxt SSRİ yığmasına düşmək çox çətin idi. Biz bütöv il ərzində hazırlaşırdıq, məşq edirdik. Az qala hər toplanışa yeni futbolçular gəlirdi, heyətdə dəyişikliklər olurdu. Ona görə də qəti arxayınlaşmaq olmazdı. Əks halda heyətdəki yerini itirə bilərdin".
"Azərbaycan yığmasının indiki heyətinə gəlincə, onların bir oyununa baxmışam. Düzünü deyim ki, komandamızda lider görə bilmədim. Futbolda lidersiz mümkün deyil. Komandanı arxasınca apara biləcək lider futbolçuya hər kollektivdə ehtiyac var. Belə futbolçular baş məşqçi üçün də çox lazımlıdır. Çünki baş məşqçi tapşırıqlarını meydana çıxmazdan öncə verir. Amma meydanda olarkən məhz lider futbolçular baş məşqçinin sözlərini, tapşırıqlarını uşaqlara çatdıra, onların toparlanmasına nail ola bilir. SSRİ yığmasında belə lider Mircəlal Qasımov idi. O, pleymeyker idi, müdafiə ilə yarımmüdafiəni birləşdirirdi. Lazım gələndə öz məsləhətlərini verirdi".
Əsədov yığmamızın müsbət və mənfi cəhətlərindən də söz açıb: "Yığmamızın doğma meydanda oynaması müsbət məqamdır. Azarkeşlərimiz tribunaları doldurmalı, komandamıza dəstək göstərməlidirlər. Uşaqları matçlara çox yaxşı kökləmək lazımdır. Yadımdadır ki, DÇ-1987-də SSRİ yığmasını Nigeriya ilə oyuna necə kökləmişdilər. Matçdan öncə bizə futbolun kralı Pele yaxınlaşdı, bizimlə söhbət etdi, şəkil çəkdirdi. Ola bilər ki, bizim futbolçulara da belə dəstək təşkil olunsun. Vacib oyunlar öncəsi veteran futbolçuların onlarla görüşməsi vacibdir. SSRİ dövründə yeniyetmələrin Avropa çempionatında Tərlan Əhmədovla Vəli Qasımov da çempion olublar. Amma indiki uşaqlar çətin ki, bundan xəbərdar olsunlar".
"Doğma meydan amili uşaqlarda böyük təzyiq də yarada bilər. Onlar bilir ki, bu oyunları bütün yaxınları, qohumları izləyəcək. Qrupdakı ilk oyunumuzdan çox şey asılı olacaq. Həmin matçda qalib gəlsək, çox yaxşı olacaq. Amma məğlub olsaq, komandamız üzərində təzyiq çox artacaq".
"17 yaş futbolçu üçün çox vacib dövrdür. Çünki bu yaşda olanlar hələ futbolçu kimi tam formalaşmış olmur. Belə bir turnir isə onlar üçün tramplin rolunu oynayır. Onlar böyük futbola doğru önəmli bir addım atmış olacaqlar".


