Françesko Toldo: Bakıdakı AÇ-də favoritim İtaliyadır
Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının ölkəmizdə keçiriləcək final mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən tədbirdən sonra İtaliya yığmasının sabiq qapıçısı Françesko Toldo jurnalistlərin suallarını cavablandırıb.
O, öncə bunları söyləyib: "Bu Avropa çempionatı UEFA-nın ən vacib turnirlərindən biridir. Bu, gənclərin özünü göstərməsi üçün bir şansdır. Çünki belə turnirlərdən həmişə gələcəyin məşhur futbolçuları çıxır".
Toldo püşkatmada iştirakına da münasibət bildirib: "Bakıda olduğum üçün şadam. Püşkatma mərasimi də yüksək səviyyədə təşkil olunub. İnanıram ki, turnir də yüksək səviyyədə keçəcək".
İtaliya millisinin sabiq qolkiperi AÇ-dəki favoritini də açıqlayıb: "Mənim üçün favorit İtaliya yığmasıdır. Komandamız çox yaxşı hazırlığıa malikdir. Heyətində çox yaxşı oyunçular var. İstərdim ki, İtaliya yığması AÇ-də mümkün qədər çox irəliləsin. Məsələn, finala qədər".
Toldo ölkəmizdə İtaliya yığmasının və klublarının çoxlu azarkeşinin olmasına da toxunub: "Azərbaycanda İtaliya futbolunun bu qədər azarkeşinin olmasını görmək mənim üçün çox sevindiricidir. Azərbaycanla, futbolunuzla bağlı məlumatım var. Avropada hər kəs bilir ki, Azərbaycanda futbolun inkişafına çoxlu vəsait yatırılır. Fikrimcə, zamanla hər şey yaxşı olacaq".
