Topaz Premyer Liqasında 29-cu tur həyacanı
Bu gün Topaz Premyer Liqasında 29-cu tura start veriləcək. Azerisport.az xəbər verir ki, hesabat turu 3 gün davam edəcək.
Turun açılış və mərkəzi qarşılaşması mükafatlar uğrunda mübarizə aparan “Qarabağ”la “Kəpəz” arasında baş tutacaq. Lider Ağdam klubu son turda çox adamın gözləmədiyi halda AZAL-a uduzan Gəncə klubunu məğlub yola salmağa çalışacaq. Amma gəncəlilər də çətin səfərdə ən azı heç-heçə üçün mübarizə aparacaqlar. “Qarabağ”la “Kəpəz” 41-ci dəfə üz-üzə gələcəklər. Əvvəlki 40 oyundan 18-də ağdamlılar qalib gəlibsə, 14-də gəncəlilər 3 xalı bayram ediblər. Qalan 8 qarşılaşmada heç-heçə qeydə alınıb. Top fərqində isə bərabərlik hökm sürür - 52:52. “Kəpəz” 15 oyundur bu rəqibi üzərində qələbə qazanmır. Ardıcıl 4 qələbə qazanan “Qarabağ” son 10 qarşılaşmada rəqibinə cəmi 1 xal verib. Ağdamlılar son 4 ev oyununda 3 xal əldə edib. Gəncə təmsilçisi son qələbəsini 14, səfər qələbəsini 17 il öncə qazanıb. Bu mövsüm baş tutan görüşlərin hamısında "Qarabağ" qalib gəlib - 3:2, 3:0, 2:1.
İkinci oyun günündə öncə "Sumqayıt" doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq. Bu klublar vaxtilə 15 dəfə üz-üzə gəliblər ki, onların 13-də "Qəbələ" qalib gəlib. “Sumqayıt” geridə qalan görüşlərdə cəmi 1 qarşılaşmada 3 xalı bayram edib. Daha 2 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də qəbələlilərin üstünlüyü var - 31:10. “Qəbələ” 10 oyundur bu rəqibinə uduzmur. “Sumqayıt” əvvəlki oyunların hamısında qol buraxıb. “Qəbələ” son iki səfərin hərəsində 2 qol vurub. Cari mövsümdə baş tutan görüşlərə gəlincə, "Qəbələ" hər iki ev oyununda oxşar hesabla (1:0) üstün olub. Sumqayıtda baş tutan ilk görüş isə 2:2 hesabıyla bitib. Bu dəfə necə olacağı maraqla gözlənilir.
Günün digər oyununda iki paytaxt klubu - AZAL və "İnter" üz-üzə gələcək. Bu klublar yubiley matçında üz-üzə gələcəklər. Belə ki, tərəflər əvvəllər 29 dəfə üz-üzə gəliblər ki, onun 11-də “İnter”, 5-də isə AZAL qalib gəlib. 13 qarşılaşmada da heç-heçə qeydə alınıb. Top fərqində də "İnter" üstündür - 27:20. AZAL 4 oyundur bu rəqibinə qol vura bilmir. “İnter” ardıcıl 10 oyunda uduzmayıb. AZAL son 4 səfər matçında xal qazanmayıb. Bu mövsüm baş tutan görüşlərə gəlincə, "İnter" səfərdə 1:0, doğma meydanda 2:0 hesabı ilə qalib gəldiyi bu rəqibi ilə yalnız son dueldə heç-heçəyə razılaşıb - 0:0.
Son oyun günündə də iki matç baş tutacaq. Əvvəlcə turun digər paytaxt derbisində çempionatın aşkar autsayderi "Rəvan" "Zirə"ni qəbul edəcək. Komandaların əvvəlki oyunlarında meydan sahibi olan tərəf minimal fərqlə qalib gəlib. “Rəvan” baş tutan hər 3 qarşılaşmada qol sevinci yaşayıb. Amma bu komanda bir, "Zirə" isə iki qələbə qazanıb. Hələ heç-heçə etməmiş tərəflərin duellərində top fərqi də zirəlilərin xeyrinədir - 4:3. "Zirə" öz meydanında bu komandaya eyni hesablarla (2:1) qalib gəlib. "Rəvan" isə yeganə zəfərini 1:0 hesabıyla qazanıb. Son turda "Neftçi"ni məğlub edən Bəhmən Həsənovun komandası bu dəfə də oxşar sensasiyaya ikinci pillədə qərarlaşan "Zirə" ilə görüşdə imza atmağa çalışacaq. Amma Adil Şükürovun komandası da liderdən aralı düşməmək üçün mütləq qələbə qazanmalıdır.
Nəhayət, turun qapanış matçında əzəli rəqiblər - "Neftçi" ilə "Xəzər Lənkəran" növbəti "Böyük oyun"da üz-üzə gələcək. Tərəflərin əvvəlki 36 oyunundan 14-də bakılılar, 7-də cənublular qələbəni bayram ediblər. 15 qarşılaşmada isə qalib müəyyənləşməyib. Top fərqi də "Neftçi"nin xeyrinədir - 42:28. “Xəzər Lənkəran” 11 oyundur əzəli rəqibinə qalib gəlmir. “Neftçi” son 10 qarşılaşmada meydanı qolsuz tərk etməyib. Paytaxt klubu son 4 səfər matçının hərəsində 2 qol vurub. Autsayderlər qrupunda yer almasına baxmayaraq, doğma meydanda çıxış edəcək "ağ-yaşıllar" bu görüşdə qələbə qazanmağa çalışacaqlar. Amma uğursuz gedişata son qoymaq istəyən "ağ-qaralar" üçün də bu oyundan xal və xallarla ayrılmaq vacibdir.
Topaz Premyer Liqası
29-cu tur
8 aprel (cümə)
17:30. “Qarabağ” - “Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. “Azərsun Arena”.
9 aprel (şənbə)
14:00. “Sumqayıt” - “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Şahin Cəfərov.
Sumqayıt. “Kapital Bank Arena”.
16:00. “İnter” - AZAL
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Kamran Bayramov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “İnter Arena”.
10 aprel (bazar)
14:00. “Rəvan” - “Zirə”
Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Nahid Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Bayıl Arena”.
16:30. “Xəzər Lənkəran” - “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
| 1 | Qarabağ | 28 | 19 | 6 | 3 | 49-18 | 63 |
| 2 | Zirə | 28 | 15 | 8 | 5 | 34-22 | 53 |
| 3 | İnter | 28 | 12 | 9 | 7 | 26-18 | 45 |
| 4 | Kəpəz | 28 | 12 | 9 | 7 | 35-26 | 45 |
| 5 | Qəbələ | 28 | 11 | 9 | 8 | 32-23 | 42 |
| 6 | AZAL | 28 | 11 | 6 | 11 | 22-27 | 39 |
| 7 | Neftçi | 28 | 9 | 8 | 11 | 27-31 | 35 |
| 8 | Sumqayıt | 28 | 6 | 10 | 12 | 29-38 | 28 |
| 9 | Xəzər Lənkəran | 28 | 3 | 5 | 20 | 12-38 | 14 |
| 10 | Rəvan | 28 | 3 | 8 | 17 | 19-44 | 11 |
Bombardirlər:
10 - Nelson Bonilya ("Zirə").
9 - Riçard Almeyda ("Qarabağ"), Ruslan Qurbanov ("Neftçi"), Dani Kintana ("Qarabağ").
