Tino Peres: Azərbaycan futzalında vəziyyəti düzəltmək üçün heç bir iş görülmür
Futzal üzrə Azərbaycan yığmasının ispaniyalı baş məşqçisi Tino Peres ölkəsinin mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- Naxçıvanda necə yaşayırsınız?
- Biz Naxçıvanda yox, ancaq Bakıda yaşayırıq. Çünki bütün hadisələr ölkənin paytaxtında baş verir. Məhz bu üzdən mən demək olar ki, Azərbaycanı gəzməmişəm. Burada yaxşı yaşayırıq. Maaşlar da yaxşıdır. Bakıda yaşayış digər ölkə paytaxtlarında olduğu kimi, heç də ucuz deyil. Şəhərin özü gözəldir. Burada tarixi və müasir memarlığın sintezinə rast gəlmək mümkündür.
- Azərbaycan yığması AÇ-də qrupdan çıxsa da, Rusiyaya böyük hesabla uduzdu. İndi də Hollandiya ilə dünya çempionatına vəsiqə uğrunda pley-off oyunlarına hazırlaşırsınız. Artıq ilk oyunda bu komandaya 5:1 hesabıyla qalib gəlmisiniz...
- Rəqibdən çox şey asılıdır. Rusiya ilə oyunda biz istədiyimiz kimi çıxış edə bilmədik. Amma Hollandiya ilə rəqabət apara biləcək gücdəyik. Aprelin 12-də bu rəqiblə cavab matçına çıxacağıq.
- Qarşıdakı DÇ-də hansı komandaları favorit hesab edirsiniz?
- İspaniya, Braziliya və İranı.
- Azərbaycan, Rusiya və İspaniya futzalçılarının məşqlərində nə kimi fərqlərin şahidi olmusunuz?
- Azərbaycanda heç bir futzal məktəbi yoxdur. Bu ölkənin gənclərdən ibarət yığması, həta qadın futzalı da yoxdur. Seçimimiz elə də böyük deyil. Bu ölkədə vəziyyəti düzəltmək yönündə də heç bir addım atılmır. Yalnız əsas komanda ilə maraqlanırlar. Buna baxmayaraq, milliyə dəvət edən oyunçuların vəziyyətini yaxşılaşdırmağa çalışıram. Amma buna AFFA tərəfindən lazımi dəstək olmadan nail olmaq çox çətindir. Məsələn, ötən ilin sentyabr ayından bəri bir dənə də normal yoxlama görüşü keçirməmişik.
- Rusiya "Dinamo"sunu (Moskva) "Araz"a dəyişmək çətin idi?
- Xeyr. Çünki mən "Dinamo" mərhələsinin tam başa çatdığını hesab edirdim. 2014-cü ilin oktyabr ayından etibarən isə artıq Azərbaycan yığmasına və "Araz"a qoşulmuşdum.
- Məşqçilər korpusu ilə necə ünsiyyət qurursunuz?
- Bütün məşqçilərlə, rəhbərliklə, oyunçularla və digərləri ilə rus dilində ünsiyyət qururam. İspan dilində burada ancaq fərqli sahələrdə çalışan insanlarla danışıram.
- Növbəti mövsüm üçün hansı hədəfləriniz var?
- Həmin hədəfləri hələ müəyyənləşdirmək lazımdır.
(Sexto Anillo)
