Saşa Yunisoğlu: Neftçi ilə oyunda qələbə bizə hava və su kimi lazım idi
"Rəvan"ın müdafiəçisi Saşa Yunisoğlu Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Neftçi" üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çempionatın sonu yaxınlaşdıqca elitada qalmaq şansımız daha da azalır. Buna görə də Premyer Liqadakı yerimizi qorumaq üçün kimə qarşı oynamağımızdan asılı olmayaraq, hər matçda qələbə qazanmaq istəyirik. Bu mənada hər xal bizim üçün çox böyük önəm kəsb edir. "Neftçi" ilə oyundan öncə rəqibin oyununu yaxşı anliz etmişdik və layiqli qələbə qazandıq. FİFA tərəfindən verilən cəzadan sonra komandada atmosfer elə də yaxşı deyildi. "Neftçi" ilə görüşdə qələbə bizə hava və su kimi lazım idi. Bu, bizim üçün əlavə stimul olacaq. Biz Premyer Liqadakı yerimizi qorumaq üçün sonadək mübarizə aparacağıq".
