Təbriz Həsənov: Beşlikdən ikisi bizim qrupa düşsə, işimiz çətin olacaq
Azərbaycanın U-17 yığmasının baş məşqçisi Təbriz Həsənovun azerisport.az saytına müsahibəsi
- Aprelin 8-də Bakıda keçiriləcək AÇ-2016-nın püşkü atılacaq. Qrupunuzda hansı komandaları görmək istəyərdiniz?
- Mənə elə gəlir ki, bu yaşda ən güclü komandalar Almaniya, İngiltərə, Portuqaliya, Hollandiya və Fransa yığmasıdır. Bu beşlik doğrudan da çox güclüdür. Bu beş komandadan ikisi bizim qrupa düşsə, işimiz çox çətin olacaq. Amma çalışmaq lazımdır. Bu, bizim işimizdir.
- Azərbaycan yığmasından AÇ-də hansı nəticəni gözləyə bilərik?
- Biz AÇ-də sensasiyaya imza ata bilərik. Püşkdən də çox şey asılıdır. Elə komandalar var ki, onlara qarşı oynamaq çox çətindir. Amma qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik.
- Millimizin AÇ-yə həm oyun, həm də psixoloji baxımdan hazır olduğunu demək olar?
- AÇ-nin startına təxminən beş həftə qalır. Hazırlığımız öz qaydası ilə davam edir. Bir müddət öncə uşaqlardan test götürdük. Bəzi futbolçularda funksional hazırlıq lazım olan səviyyədə deyil. Şübhəsiz ki, bununla əlaqədar həmin uşaqların oynadığı klubların məşqçiləri ilə də söhbətim olub. Qarşıdakı müddətdə bu uşaqların funksional hazırlığını qaldırmağı, yaxşılaşdırmağı xahiş etdim. Yoxlama oyunları keçirməyi də planlaşdırırıq.
- Hansı yığmalarla?
- 7-8 federasiyaya müraciət etmişik. Elit mərhələdə qarşılaşdığımız komandalardan biri ilə bu ay oynayacağıq. Bəzi federasiyalar biz göstərdiyimiz vaxtda Bakıya gələ bilməyəcəyini deyir. Qalanları hələ susur. 12-14 apreldə yoxlama oyunları keçirmək istəyirik. Taktiki gedişləri yoxlamalıyıq.
- Yığmada yeni futbolçular görə bilərik?
- İki futbolçu ilə danışıq aparırıq. Onlar Türkiyədəndir. Oyunlarına baxmışam, çıxışları xoşuma gəlir. Ola bilər ki, onları yığmaya cəlb edək. Amma dəqiq nəsə deyə bilmərəm.
- Yəqin ki, Rinat Dadaşovun Almaniya yığmasını seçməsinə təəssüflənirsiniz...
- Dadaşov Azərbaycanın U-16 yığmasında oynayıb. Mən onu "Caspian Cup" zamanı izləmişdim. Atası ilə çox yaxşı münasibətim var. Anası da həndbolçu idi. İndi onu Almaniya yığmasına dəvət ediblər. Düzdür, istərdik ki, Rinat Azərbaycan yığmasında çıxış etsin. Amma futbolçumuzun Almaniya yığmasında oynaması da bizim üçün xoşdur. Necə ki, türkiyəli Məsut Özil Almaniya yığmasında çıxış edir, türklər onunla qürur duyur. Biz də Dadaşovun yığmamızda oynamasını istəyərdik. Amma belədirsə, nə edə bilərik? O, Almaniyada yaşayır. Almaniya yığmasından imtina etsə, klubunda problemi olacaq.
- AÇ-nin Bakıda keçirilməsi millimiz üçün yaxşı faktordur?
- Futbolu sevən hər kəs stadiona gəlməlidir. Çünki hər gün belə turnir keçirilmir. Özü də buraya top-komandalar gələcək. Futbolçularımız özlərini səfərdə evdəkindən daha yaxşı hiss edirlər. Ona görə bunun üzərndə çalışırıq. Bu, böyük problemdir. Uşaqlarla daha çox söhbət etməyə çalışırıq.
- Azarkeşlərin dəstəyinə inanırsınız? Ya Rusiya və Ukrayna ilə yoxlama oyunlarındakı kimi boş tribunalar görəcəyinizi düşünürsünüz?
- Çox istəyirəm ki, futbolsevərlər bizim yığmamızı yaxşı dəstəkləsinlər. Dəstək böyük olsa, uşaqlar daha yaxşı çıxış edərlər. Biz də fanatlarımızı sevindirməyə çalışacağıq. Kiməsə uduzmağa hazırlaşmırıq. Qələbə qazanıb, qrupdan çıxmaq istəyirik. Püşkatmanın başlamasını gözləyirik.
- AFFA sizin qarşınıza hansı hədəfi qoyub?
- Bütövlükdə, qarşımızda hansısa hədəf yoxdur. Biz yaxşı futbol sərgiləmək istəyirik.
