Qazaxıstan - Azərbaycan matçı danışılmış olub? AFFA açıqladı
Qazaxıstan mətbuatında martın 26-da Azərbaycan və Qazaxıstan yığmaları arasında Antalyada (Türkiyə) keçirilmiş yoxlama matçının nəticəsinin öncədən razılaşdırıldığına dair məlumat dərc olunub. Azerisport.az xəbər verir ki, düzdür bu qarşılaşmada qazaxlar 1:0 hesabıyla qalib gəliblər.
Amma tərəflər arasında razılaşma belə olubmuş ki, matç 1:1 hesabıyla bitməliymiş. Guya qazaxlar bu razılığa əməl etməyiblər. Nəticədə matçdan sonra qazaxlarla AFFA rəsmiləri arasında narazılıq da yaranıb.
Bu iddiaya AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu münasibət bildirib. Saytımıza açıqlamasında o, bunları söyləyib: "Azərbaycan yığmasının iştirak etdiyi yoxlama oyunlarında heç bir danışılmış matçdan söhbət gedə bilməz. Şübhəsiz ki, bizim bu oyundan heç-heçə gözlədiyimiz, uduzduğumuza görə dava saldığımız barədə deyilənlər yalandır. Üstəlik, AFFA heç-heçə müqabilində guya qazaxların otel və məşq xərclərini çəkdiyinə dair iddialar da həqiqəti əks etdirmir. Bir daha qeyd edirəm ki, hakimlərin qonorarı, matçın teleyayımı üçün xərclər AFFA və QFF arasında tən yarı bölünmüşdü".
