Bədavi Hüseynov: Kəpəzin AZAL-a məğğlubiyəti məni təəccübləndirdi
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi
- Son turda "Xəzər Lənkəran"la səfər matçını qələbə ilə başa vursanız da, buna çox çətinliklə nail oldunuz...
- Lənkəran klubu ilə oyunlarımız həmişə çətin keçir. Üstəlik, qazonun keyfiyyəti bizə yaxşı oyun sərgiləməyə mane olurdu. Belə oyunlarda xarakter göstərmək lazımdır, bir dəqiqə də arxayınlaşmaq lazım deyil. Sonadək mübarizə apardıq və qələbə qazandıq. Səhvə gəlincə, futbolda bu, qaçılmazdır. Əsas odur ki, dayanmadıq və mübarizəmizi sonadək davam etdirib, qələbə qolunu da vurduq.
- Razısız ki, rəqibin qolu zamanı qapıçınız İbrahim Şehiç səhvə yol verdi?
- Səhv hamıda olur. Bu, futbolun bir hissəsidir. Əsas odur ki, biz ondan sonra da hücumlarımızı davam etdirdik və ikinci qolu vurmağa nail olduq.
- Gənc Mahir Mədətovun dubla imza atmasını necə şərh edə bilərsiniz?
- Ona görə şadam. Məşqlərdə çox çalışır. Həmişə komanda üçün maksimum güc sərf etməyə çalışır.
- Sizcə, o, bu tempi qoruya biləcək?
- Ona indi bu tempdə davam etmək çox vacibdir. Kənar şeylərə diqqət ayırmağa ehtiyac yoxdur.
- "Qarabağ" artıq növbəti çempionluğunu bayram etməyə hazırlaşır?
- Öncədən nəsə deməyi xoşlamıram. Belə söhbətlər komandaya pis təsir edir. Hədəfimiz hər oyunda maksimum nəticəyə nail olmaqdır. Çempion olmaq üçün hər oyundan qalib ayrılmalıyıq.
- Qarşıda sizi son turda AZAL-a 3 cavabsız qolla uduzmuş "Kəpəz"lə oyun gözləyir...
- Etiraf edim ki, bu hesab məni təəccübləndirdi. Amma bu nəticə bizi yanıltmamalıdır. "Kəpəz"in gücünə bələdik. Onlar hazırda üçüncü yer uğrunda mübarizə aparırlar. Avrokuboklara vəsiqə qazanmaq istəyirlər. Ona görə də qələbə qazanmaq üçün bu matçda çox ciddi hazırlaşırıq.
