Viktor Nesterenko: Roman Qriqorçuk bəxtli məşqçidir
Məşhur latviyalı mütəxəssis, hazırda Latviyanın birinci liqa klubu "Super Nova"ya rəhbərlik edən Viktor Nesterenko azerisport.az saytına müsahibəsində vaxtilə birgə çalışdığı "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukla bağlı fikirlərini bölüşüb, digər suallarımızı cavablandırıb.
- Bir neçə il Qriqorçukla çalışmısınız. Sizcə, o, futbolçu kimi daha yaxşı idi, ya məşqçi kimi yaxşıdır?
- 1992-ci ildə Ukrayna birinci liqasında çıxış edən "Prikorpatye"yə rəhbərlik edəndə Qriqorçuk bu komandanın əsas hücumçusu idi. O, yaxşı oyunçu idi, az qol vurmurdu. Amma yüksək liqada özünü göstərə bilmədi. Sonra Rusiya "Saturn"una yolladı. Oradan da mən onu "Dinaburq"a dəvət etdim. Mənə o zaman qol vurmağı bacaran hücumçu lazım idi. Dərhal Qriqorçuku yadıma saldım. Səhv etmirəmsə, o, bir mövsüm ərzində 20 qol vurdu.
- Amma sonra siz onu "Dinaburq"a məşqçi kimi dəvət etdiniz...
- 1998-ci ildə "Dinaburq"un həm əsas, həm də əvəzedici komandasını çalışdırırdım. Bu üzdən Qriqorçuka məşqçi olmağı təklif etdim. Onun cəmi 33 yaşı var idi. Mən onda bu işə maraq olduğunu gördüm.
- Qriqorçuku necə xarakterizə edərdiniz?
- O, çox çətin və anlaşılmaz adamdır. Və etibarsız da olduğunu demək olar.
- Siz onun son bir ildə "Qəbələ"ni çalışdırdığını bilirsiniz?
- Onun karyerası ilə maraqlanıram. "Ventspils"də, "Çernomorets"də çalışıb. İndi isə "Qəbələ"dədir.
- O, ilk mövsümündəcə komandanı Avropa Liqasının qrup mərhələsinə çıxardı...
- Onun "Qəbələ"ni yüksək səviyyəyə çatdıracağına əmin idim. O, bunu xarakteri və zəhməti sayəsində edib. Üstəlik, ona böyük uğur da kömək edir. Harada çalışmasından asılı olmayaraq, həmişə bəxti gətirir, yaxşı şans qazanır. Mən onu həm də bəxtli məşqçi hesab edirəm.
- Siz ona məşqçilikdə nələri öyrətmisiniz?
- O, həmişə məşq prosesində dəftərində nəsə qeydlər aparardı. Bir dəfə yazdıqlarını mənə göstərmişdi. Elə o vaxt hiss etdim ki, Qriqorçuk məşqçilik işini sevir. Məşq prosesini özü analiz edirdi.
- Qriqorçuku Latviyada xatırlayırlar?
- O, bu barədə yaxşı xatırlanır. Aleksandr Starkov Latviya yığmasını tərk edəndən sonra baş məşqçi postuna namizədlərdən biri də Qriqorçuk idi. Amma sonda başqa mütəxəssisi seçdilər.
